Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron iyunun 26-da videokonfrans formatında Moskva-Paris münasibətlərini, habelə dünyada böhranlı vəziyyətləri müzakirə edəcəklər.

Unikal.org TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Rusiya dövləti başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. O, Vladimir Putinin və Emmanuel Makronun əsasən təkbətək danışacaqlarını, lakin videokonfransın lap başlanğıcının KİV üçün açıq olacağını deyib.

Kreml təmsilçisinin sözlərinə görə, “dövlətlərin başçıları Rusiya-Fransa ikitərəfli münasibətləri barədə fikir mübadiləsi aparacaqlar və bu da böhranlı vəziyyətlərin – bu həm Ukrayna nizamlanmasıdır, həm Suriyadır, həm də Liviyadır – müzakirəsi üçün yaxşı imkan olacaq”. Peskov əlavə edib ki, iki prezidentin zəruri hesab etdikləri digər mövzular da müzakirə oluna bilər.

Fransa liderinin administrasiyasından verilən məlumatda danışıqların Paris vaxtı ilə saat 15:30 üçün nəzərdə tutulduğu bildirilib. Qeyd olunub ki, danışıqlar zamanı “BMT Təhlükəsizlik Şurasının gündəliyində duran əsas beynəlxalq böhranlar”a nəzər salmaq planlaşdırılır. Belə ki, Emmanuel Makron Rusiyanın lideri ilə strateji tarazlıq, Liviya, İran problemlərini, habelə koronavirusun yayılması ilə bağlı vəziyyəti müzakirə edəcəyinə ümid bəsləyir. Gözlənilir ki, Ukraynada böhranın nizamlanmasında gələcək irəliləyişin təmin edilməsi də söhbət mövzusu olacaq.

Emmanuel Makronun administrasiyasında vurğulanıb ki, “Fransa Prezidenti bir sıra mürəkkəb problemləri Rusiya ilə birlikdə araşdırmağı zəruri hesab edir”. Əməkdaşlıq, Avropada sabitliyin möhkəmləndirilməsi, beynəlxalq böhranların nizama salınması və kibertəhlükəzliyin təmin edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıla bilər.