Avropa İttifaqı ölkələri koronavirus pandemiyası ilə əlaqədar üçüncü ölkələrlə, yəni qeyri-Aİ ölkələri ilə sərhədlərin açılmasında vahid mövqeyə gələ bilmirlər.
Unikal.org xəbər verir ki, hələ bir neçə həftə bundan öncə iyulun 1-dən etibarən sərhədlərin açılacağı bildirilirdi. Lakin sərhədlərin açılması ilə əlaqədar məhdudiyyətlərin davam etdirilməsi və ya onlara son verilməsi üçün əsas meyarların müəyyən edilməsi mübahisə mövzusu olaraq qalır. İndiyədək müzakirə edilən əsas meyar müvafiq ölkədəki yoluxma hallarının artım statistikasıdır və həmin meyara əsasən, ABŞ, Braziliya və Rusiya kimi ölkələrlə sərhədlər bağlı qalmalı, Çinlə isə gediş-gəliş bərpa edilməlidir.
Bu meyarla yanaşı, üzv ölkələr arasında mübahisələrə səbəb olan digər məqam üçüncü ölkələrdə yoluxma hallarına dair statistikanın nə dərəcədə etibarlı olmasıdır. Diplomatik dairələrin verdiyi məlumata əsasən, bəzi ölkələrin statistik göstəriciləri manipulyasiya edilir.
Bu iki meyarla yanaşı, iqtisadi faktor da müzakirələrdə ön planda dayanır. İqtisadiyyatı yay turizmi üzərində qurulan ölkələr (Yunanıstan, Kipr və s.) sərhədlərin açılmasını tələb edir, yay turizmi inkişaf etməmiş Danimarka kimi ölkələr isə ikinci dalğa təhlükəsini nəzərə alaraq belə bir yüngülləşdirməyə qarşı çıxırlar.
İyunun 26-da üzv ölkələrin Aİ yanında səfirlərinin görüşü yekun qərarla nəticələnməsə, danışıqlar iyunun 29-da davam etdiriləcək.