Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə “İnternet platformalarında yayılmış xəritələrdə işğal edilmiş ərazilərin təhrif olunmanın qarşısının alınması istiqamətində gənclər təşkilatlarının rolu” mövzusunda videokonfrans baş tutub.
Konfransın keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə təhrif edilmiş formada istinad edən xəritələrdən istifadə hallarının qarşısının alınmasına dair məsələlərdə, sosial şəbəkələrdə və internet platformalarında daha fəal şəkildə Azərbaycan həqiqətlərinin yayılmasında gənclər təşkilatlarının fəaliyyətini genişləndirmək olub.
Unikal.org xəbər verir ki, onlayn formatda baş tutmuş konfransda ümumilikdə 60-a yaxın gənclər təşkilatının rəhbər və nümayəndələri iştirak ediblər. Konfransın açılışında Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, İnnovasiyalar və rəqəmli inkişaf şöbəsinin müdiri Rəşad Əzizov, “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri Nurəddin Mehdiyev, Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova mövzu ilə bağlı fikirlərini bölüşmüşdür. Konfransa moderatorluğu Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Azər Əliyev edib.
Konfransda gənclər təşkilatlarının və ictimai fəal gənclərin bu prosesdə oynayacağı rol, o cümələdən beynəlxalq platformalara kütləvi etirazların edilməsi, eyni zamanda sosial şəbəkələr üzərindən real və həqiqəti əks etdirən faktların paylaşılması və dünya ictimaiyyəitinə çatdırılmağın mümkün və effektiv yolları müzakirə olunub.
Konfransda həmçinin son zamanlarda ölkəmizdə mövzu ilə bağlı görülən təqdirəlayiq işlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu mövzuya həssas yanaşması, bununla bağlı məsələlərə xüsusi diqqətində saxlanılması da qeyd edilib.
Konfransın yekununda gənclər təşkilatlarının nümayəndələri internet platformalarında yayılmış xəritələrdə işğal edilmiş ərazilərin təhrif olunmanın qarşısının alınması istiqamətində təkliflərini bildiriblər. Növbəti addım kimi işçi qrupun yaradılması, xüsusi təlimlərin keçirilməsi və maarifləndirmə işinin aparılması qərara alınıb.