Azərbaycan parlamentinin deputatları yenidən məzuniyyətə gediblər.

Unikal.org xəbər verir ki, parlamentin üzvləri avqustun 30-dək istirahətdə olacaqlar.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, tətil dövründə qanunverici orqanın növbədənkənar sessiyası çağırıldıqda parlamentin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

Parlamentin 59 deputatı Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə əsasən, növbədənkənar sessiyanın çağırılmasını tələb etmişdi. Bu tələbi nəzərə alan Milli Məclisin Sədri Sahibə Qafarova avqustun 4-də qanunverici orqanın növbədənkənar sessiyasının keçirilməsi haqqında sərəncam imzalamışdı.

Bununla da qanunvericiliyə uyğun olaraq, deputatlar avqustun 4-dən sessiyanın bitəcəyi tarixə qədər məzuniyyətdən geri çağırılmışdı.

Növbədənkənar sessiya isə bu gün bitdiyindən deputatlar yenidən məzuniyyətə çıxıblar.

Qeyd edək ki, Milli Məclisin deputatları iyulun 15-dən məzuniyyətə çıxmışdılar.