“Prezidentin dünən keçirdiyi müşavirədə səsləndirdiyi iradlar və çəkdiyi adlar ürəyimə su səpdi”.
Unikal.org xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Məşğulluq haqqında” qanunda dəyişiklik edilməsi barədə layihənin müzakirəsi zamanı deputat Razi Nurullayev deyib.
Deputat Azərbaycan vətəndaşlarının təyyarə ilə xaricə Gürcüstandan uçmasına da irad bildirib:
“Vətəndaşlarımız Azərbaycan dövlətinin, xalqının pulu ilə alınan təyyarələrlə niyə uçmamalıdır? Səbəb isə təyyarələr bahalıdır, təmizdir, yeyib-içmək verirlər və sairə. Cahangir müəllim, bu xalq çirkli təyyarədə də uçar, evindən apardığı yeməkləri yeyər, narahat kresloda da oturar. Guya 2-3 saat rahat kresloda otursa, həyatı dəyişəcək? Həyatı dəyişənlər sizsiniz. Dövlətin büdcəsi ilə özünüzə biznes qurmusunuz və dövlətin şirkətlərini də şəxsi firmanız kimi idarə edirsiniz. Bu, biabırçılıqdır. Dövlət şirkətləri dövlətin büdcəsini talamaq üçün növbəyə durub. Siz pul qazanıb kreditlərinizi ödəməlisiniz, hələ dövlətə vergi də verməlisiniz. Qiymətlər göyün yeddinci qatında, hər kəs də digər aviaşirkətlərlə uçur və elə hallar olub ki, siz təyyarədə 2-3 nəfərlə ancaq elə özünüz uçmusunuz. Kimin pulu ilə? Cavab verin”.