“Bəzi ətraf kənd və qəsəbə istiqamətində hərəkət edən avtobusların vəziyyəti bərbaddır”.
Bu sözləri Unikal.org-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev deyib. O bildirib ki, bütün daşıyıcılar qarşısında çalışdıqları sektorun tələblərinə cavab vermələri ilə bağlı qəti tapşırıq qoyulub, əməl etmədikləri təqdirdə, onlarla əməkdaşlıq edilməyəcək.
“500-dən yuxarı nömrələrdən başlayan avtobuslar BNA-nın nəzarətində deyil. Bunu deməklə üzərimizdən məsuliyyəti atmaq istəmirəm. Amma biz bütün daşıyıcılar qarşısında bu cür məsələlərlə bağlı qəti tapşırıq qoymuşuq və özümüz də müşahidə aparırıq. Ətraf kənd və qəsəbə istiqamətində hərəkət edən avtobusların texniki baxımdan qoyulan tələblərə cavab verməyən və demək olar ki, istismar müddətini başa vurmuş nəqliyyat vasitələri olduğunu özümüz də dəfələrlə demişik.
Qeyd etdiyimiz kimi ətraf kənd və qəsəbə istiqamətində hərəkət edən və ən çox şikayət edilən avtobuslardan biri də 132 nömrəli avtobusdur. “Kral Transport” MMC-nin istismarında olan həmin marşrut xəttindəki avtobusların vəziyyəti ilə bağlı dəfələrlə qarajda baxış keçirmişik. Vətəndaşlardan da çox saylı müraciətlər daxil olub, demək olar, istismara yaramayan avtobuslardır. Onların nəzarətində olan, Qaraçuxur istiqamətində hərəkət edən digər 24 nömrəli avtobusla bağlı artıq tədbir görülüb və Baku Bus MMC-yə həvalə edilib. Əgər 132 nömrəli avtobusla bağlı da təcili tədbir görülməyəcəksə, aqibəti 24 nömrəli avtobus kimi olacaq”.
Dürrə Həsənova