Bu gün cari və əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilir.
Dövlət İmtahan Mərkəzindən Unikal.org-a verilən məlumata görə, cari ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun imtahan mərkəzində imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun imtahan mərkəzində imtahan verirlər.
İmtahan Nəsimi, Səbail, Nizami, Yasamal, Xətai, Xəzər, Sumqayıt (Sumqayıt, Xızı), Gəncə (Gəncə, Daşkəsən, Göygöl, Samux, Goranboy, Naftalan), Qazax-Ağstafa (Qazax, Ağstafa, Tovuz), Bərdə (Bərdə, Beyləqan, Tərtər, Xocavənd), Göyçay (Göyçay, İsmayıllı, Ucar), Lənkəran (Lənkəran, Astara, Lerik), Salyan (Salyan, Neftçala, Biləsuvar (Mehdili istisna)), Sabirabad (Sabirabad, Mehdili kəndi, İmişli, Füzuli), Şəki (Şəki, Oğuz, Qəbələ), Xaçmaz (Xaçmaz, Şabran, Siyəzən) imtahan mərkəzlərində keçirilir.
İmtahanda 19197 abituriyentin iştirakı nəzərdə tutulub.
DİM-in məlumatına görə, imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilib. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.
Bundan əlavə, imtahan günündən 2 gün əvvəl Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər - binaların və otaqların dezinfeksiyası, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, tibbi maska) təmin olunması həyata keçirilib.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilib və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilib.
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.