Çempionlar Liqasının I təsnifat mərhələsinin “Klaksvik” (Farer adaları) – “Slovan” (Slovakiya) oyunu baş tutmayacaq.
Unikal.org xəbər verir ki, avqustun 19-da keçirilməli olan və bu günə təxirə salınan görüş ləğv olunub.
Slovakiya təmsilçisinin nümayəndəsində koronavirus infeksiyasına yoluxma aşkarlandığından, qarşılaşma bu günə keçirilmiş və komandanın meydana əvəzedici heyətlə çıxmasına icazə verilmişdi. Bu gün isə əvəzedici heyətdəki futbolçulardan birinin testinin pozitiv çıxması UEFA-nı oyunu ləğv etməyə vadar edib.
Qitə futbol qurumu tezliklə yekun qərarını verəcək. Böyük ehtimalla “Slovan”a texniki məğlubiyyət veriləcək və “Klaksvik” II raundda “Yanq Boyz”a (İsveçrə) rəqib olacaq.