Çinin “TikTok” sosial şəbəkəsinin rəhbəri Kevin Mayer istefa verib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, cəmi bir neçə ay əvvəl bu vəzifədə işə başlayan Mayer istefa vermək qərarına gəldiyini açıqlayıb.
“Mən şirkətdən getmək qərarına gəlmişəm və bunu ürək ağrısı ilə bildirmək məcburiyyətindəyəm”, - deyə telekanal onun sözlərindən sitat gətirib.
“TikTok” rəhbərinin sözlərinə görə, son bir neçə həftədə siyasi vəziyyət kəskin dəyişib və o, korporativ prioritetləri dəyişmək barədə ciddi düşünmək məcburiyyətindədir. Bununla belə cənab Mayer “TikTok”un parlaq gələcəyi olduğuna əminliyini ifadə edib.
Qeyd edək ki, “TikTok” sosial şəbəkəsində əsasən istifadəçilər qısa videoroliklər çəkib paylaşırlar. “TikTok” Çinin “ByteDance” şirkəti tərəfindən hazırlanıb və 2016-cı ildə Çində “Douyin adı altında fəaliyyətə başlayıb.
ABŞ Prezidenti Donald Tramp bu il iyulun 31-də bəyan edib ki, TikTok”u ölkəsində qadağan etməyi planlaşdırır. O, bununla bağlı avqustun 14-də Fərman imzalayıb. Fərmana əsasən, “ByteDance” və onun törəmə şirkətləri fərman dərc olunandan 90 gün müddətində ABŞ ərazisində “TikTok”la əlaqəli bütün aktivlərdən imtina etməlidir.
Bundan başqa, “ByteDance” “TikTok” və ona birləşmiş “Musical.ly” sosial şəbəkə vasitəsilə istifadəçilər barədə əldə etdiyi məlumatlardan qurtulmalı, bundan sonra ABŞ-ın xarici investisiyalar üzrə Komitəsi qarşısında hesabat verməlidir.