Qazilər yaşayan şəhidlərdir. Bəybala Quliyev də onlardan biridir. İndi onu həyatla cəmi bircə ay bağlayır. Əgər dərdinə dərman olan tapılmasa, gözlərini əbədi olaraq bu dünyaya yumacaq.
Unikal.org APA TV-ə istinadən bildirir ki, Bəybala Quliyev 1992-1997-ci illərdə doğulduğu Ağdam torpaqları uğrunda döyüşüb. Qanlı döyüşlərdə qarnından, qollarından və ayaqlarından qəlpə yarası alan, 3 oğul və 1 qız atası olan 45 yaşlı Qarabağ qazisinin səhhətində ciddi problem yaranıb. Artıq bir ildir ki, leykoz xəstəliyindən – ilik xərçəngindən əziyyət çəkir. 4 kurs kimya-terapiya müalicəsi alaraq remissiya qazanıb. Lakin koronavirus təhlükəsinə görə 5-ci kurs kimya-terapiyadan keçə bilməyib. Nəticədə xəstəliyi geri qayıdıb. Əgər müalicə sonrası blastları sıfıra enərsə, onun iliyi təcili dəyişdirilməlidir. Bunun üçün isə 68 min dollara ehtiyacı var: “Təxminən 1 il bundan əvvəl qanaxma nəticəsində bildim ki, bu xəstəliyə tutulmuşam. Getdik analiz verdik. İlikdən analiz götürdülər. Gördük ki, məndə leykoz xəstəliyi var. İlk öncə Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında müalicə olundum. Orada 4 kurs müalicə olunduqdan sonra remissiya, yəni ilik köçürmə qazandım. Maddi durum olmadığına görə qaldı. Ondan sonra da xəstəlik geri qayıtdı. Məndə belədir ki, ilik köçürülməsə, xəstəlik geri qayıdır”.