"Bu günlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyev Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfiri Nikolaos Piperiqkosu qəbul edib. Ölkə başçısı Azərbaycanın xarici siyasətini və milli maraqlarımızı səfirin diqqətinə çatdırıb. Dövlətimizin rəhbəri səfiri qəbul edərkən qətiyyətli mövqeyimizi ortaya qoyub. Prezident Şərqi Aralıq dənizi mövzusunda Türkiyənin mövqeyini də qəti şəkildə dəstəklədiyimizi diqqətə çatdırıb".
Unikal.org xəbər verir ki, bu sözləri Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov “Facebook” hesabında yazıb. O qeyd edib ki, Azərbaycanın Türkiyə ilə qardaşlığını təkcə hərbi və enerji sahəsində deyil, idman sahəsində görmək mümkündür: "Qeyd edim ki, bu qardaşlığı, tərəfdaşlığı təkcə hərbi və enerji sahəsində deyil, idman sahəsində görmək mümkündür.
Hətta bu qardaşlıq idmançılarımız arasında da özünü aydın şəkildə biruzə verir. Baxın, dünya idman arenlarında rəqibləri üzərində qələbə qazanan pəhləvanlarımız öz zəfər sevinclərini bölüşərkən Azərbaycan və Türkiyə bayraqlarını qoşalaşdırıb, başları üzərinə qaldırırlar. Elə bu formada da xalça üzərində dövrə vururlar. Bunun çoxsaylı nümunələri var.
Şübhəsiz ki, Azərbaycan və Türkiyə qardaşlığının bu günədək yaşamasında, inkişafında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın olduqca müstəsna xidmətləri var.
Eyni zamanda Türkiyə rəhbərliyi də bu qardaşlığa daim can atıb, atır. Bu da Ulu Öndərimiz Heydər Əliyevin dillər əzbərinə çevrilmiş kəlamında dediyi kimi, bizim bir millət iki dövlət olmağımızdan irəli gəlir. İki bədəndə bir can, Türkiyə - Azərbaycan!".