İrandan Qərb mediasına növbəti hücum
03:43 31-03-2012
DÜNYA
İrandan Qərb mediasına növbəti hücum
"Reuters" agentliyinin Tehran bürosunun akkreditasiyası ləğv edildi
İran hökuməti "Reuters" informasiya agentliyinin Tehranda işləyən jurnalistlərinin akkreditasiyasını ləğv edib. İran bu addımı agentliyin döyüş sənəti öyrənən qadınlar haqqında məqalə və videosüjetinin başlığında buraxdığı səhvdən sonra atıb.
"Reuters" agentliyinin bəyanatında bildirilir ki, "Minlərlə nindza-qadın muzdlu qatil olmaq üçün təlim keçir" başlığı dərc olunduqdan bir qədər sonra süjetin çəkildiyi döyüş sənəti klubunun rəhbərliyinin xahişi ilə "İranda üç min nindza-qadın təlim keçir" başlığı ilə əvəz olunub.
Bəyanata baxmayaraq, İranın mədəniyyət və İslami irşad naziri Seyid Məhəmməd Hüseyn agentliyin Tehran bürosu ilə əlaqə saxlayıb və bundan sonra 11 jurnalistin akkreditasiyası ləğv edilib.
"Reuters" agentliyinin məlumatında bildirilir ki, agentliyin Tehran nümayəndəliyinin rəhbəri akkreditasiyaların bərpa edilməsi üçün İran hökuməti ilə danışıqlar aparır. İran hökuməti hələ bu barədə açıqlama verməyib.
Xatırladaq ki, bundan əvvəl İranla Qərbin başqa bir nüfuzlu media quruluşu BBC arasında insident yaranmışdı. Belə ki, ötən ayın əvvəllərində yayılan məlumatlarda bildirilirdi ki, İran "BBC" telekanalının farsca xəbər xidmətində çalışan iranlıların ailə üzvlərini həbs etdirir.
Məlumatlarda iddia olunurdu ki, İran təhlükəsizlik orqanları Londonda yaşayan jurnalistlərin ailələrinə təzyiq edib məlumat əldə etməyə çalışırlar. "BBC"-nin baş müdiri Mark Tomson isə qeyd edib ki, əslində telekanalın farsca xəbər xidmətində çalışanlar üçün İran hökumətinin təzyiqi yeni bir şey deyil. Onun sözlərinə görə, bu prosesin getdikcə güclənməsi onların narahatlığına səbəb olub.
İran polisi son dəfə "BBC"nin əməkdaşlarından birinin bacısını iki həftə nəzarətdə saxlayıb.
Bu ilin yanvarın ortalarında isə "BBC" əməkdaşı olan jurnalistin qohumu nəzarətə götürülüb. Bir ay sonra sərbəst buraxılan həmin şəxs qeyd edib ki, İran təhlükəsizlik orqanının nümayəndələri ona deyiblər ki, "BBC"-də çalışan qohumuna təzyiq edib iş yerindən çıxmasını xahiş etməli və İran kəşfiyyatı ilə əməkdaşlıq etməyə məcbur etməlidir.
Ərdoğan: "İranın nüvə
silahı istehsal etməsi
sadəcə ehtimaldır"
Bu arada Türkiyənin baş naziri Rəcəb Taayib Ərdoğanın İrana səfəri bu ölkə rəhbərləri ilə görüşləri dünya mediasının diqqət mərkəzindədir. Qərb KİV-ləri Ərdoğanın səfərlə bağlı açıqlamalarına geniş yer ayırır.
"Türkiyənin İranın nüvə proqramı ilə bağlı mövqeyi məlumdur" - deyə İrandan səfərdən qayıdan Türkiyənin baş naziri Ankarada keçirdiyi mətbuat konfransında deyib. Jurnalistlərin suallarını cavablandıran R.T.Ərdoğan bildirib ki, İranın sülh məqsədləri üçün nüvə proqramını həyata keçirməyə haqqı var: "İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyi bəyan edib ki, bizim şəriətə görə nüvə silahı istifadə edilə bilməz. Dünənki görüşümüzdə də ayətullah Xamneyi bunu təkrar edib. Eyni sözləri İranın prezidenti də deyib. Onların bu sözlərindən sonra mən İranın nüvə silahı istehsal etdiyini deyə bilmərəm. İranın sülh məqsədləri üçün nüvə proqramını həyata keçirməyə haqqı yoxdur?"
Ərdoğan əlavə edib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nümayəndələri dəfələrlə İranda səfərdə olub: "AEBA nümayəndələri İranın nüvə proqramı ilə bağlı hər dəfə müxtəlif açıqlamalarla çıxış ediblər. Amma heç vaxt İranda nüvə silahının olduğunu deməyiblər. Sadəcə ehtimaldan söhbət gedir. Əgər belədirsə, dünya hər yerdə ədalətli olsun. İsrailin vəziyyəti məlumdur. Orada xeyli nüvə başlığı var. Amma heç kəs buna görə İsraildən hesabat istəmir. Elə isə İsraildən də hesabat tələb edin".
ABŞ-ın Türkiyədəki
səfirindən savaş siqnalı
"ABŞ İranın mübahisəli nüvə proqramının diplomatik yolla həllinin tərəfdarıdır". Bunu isə ABŞ-ın Türkiyədəki səfiri Frensis Rikkardone bildirib.
Onun sözlərinə görə, İran nüvə məsələsində öz mövqeyindən əl çəkmir: "Ancaq buna baxmayaraq, ABŞ İranla danışıqları davam etdirəcək. Bu problemin həllində son variant hərbi müdaxilədir".
Murad İbrahimli
Digər Xəbərlər
2024-12-23 21:48:02
2024-12-23 21:02:17
2024-12-23 20:58:32
2024-12-23 19:44:32
2024-12-23 19:33:30
2024-12-23 17:48:08
2024-12-23 17:43:00
2024-12-23 17:16:00
2024-12-23 17:13:13
2024-12-23 16:44:04
2024-12-23 16:31:00
2024-12-23 15:57:00
2024-12-23 15:39:00
2024-12-23 15:21:11
2024-12-23 15:01:06
2024-12-23 15:00:00
2024-12-23 14:19:09
2024-12-23 14:11:00
2024-12-23 13:41:00
2024-12-23 13:28:00