Azərbaycan Dillər Universiteti (ADU) Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə özünün beynəlxalq əlaqələrindən, dilləri tədris edən müəllimlərin imkanlarından istifadə edərək Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti, erməni silahlı birləşmələrinin mülki vətəndaşlarımıza qarşı törətdiyi terror əməlləri haqqında dövlət başçılarına, müxtəlif beynəlxalq təşkilatlara məktublar ünvanlayıb.

Unikal.org xəbər verir ki, universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, məktublar ADU-nun 20-ə yaxın Dil və mədəniyyət mərkəzinin, eləcə də xarici dilləri tədris edən müəllimlərinin adından Fransa prezidenti Emmanuel Makrona, İsveç kralı Karl XVI Qustava, Norveç kralı V Heralda, Danimarka Kraliçası II Marqaretə, BMT Baş Katibi Antoniu Quterreşə,  İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dikə, ABŞ Dövlət Departamentinə, müxtəlif ölkələrin Azərbaycandakı səfirliklərinə, diplomatik korpusun təmsilçilərinə, universitetlərə, o cümlədən Norveçin "VG" nəşrinə, Fransanın "Le mond" və "Le Figaro" qəzetlərinə, Beynəlxalq Frankofoniya Təşkilatına, Çinin Beynəlxalq Ölkələrlə Dostluq Cəmiyyətinə, “Çin gəncləri” qəzetinə və s. ünvanlanıb.   

Göndərilən məktublarda qeyd olunub ki, 30 ilə yaxındır Azərbaycan dövləti öz tarixi torpaqları uğrunda erməni işğalçıları ilə mübarizə aparır. Torpaqlarımızın 20% -i işğal olunub, bir milyondan artıq insan öz tarixi yurdlarından didərgin düşüb. 1994-cü ildən Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında sazişin bağlanmasına baxmayaraq, Ermənistan tərəfi mütəmadi olaraq bu rejimi pozur, 27.09.2020-ci il tarixindən isə növbəti hərbi təxribata əl atıb. Buna cavab olaraq Azərbaycan ordusu əks-hücum əməliyyatına başlayıb.

Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyasını və onun əlavə protokollarını, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini kobud şəkildə pozaraq, qəsdən Azərbaycanın mülki əhalisini hədəfə alır, hərbi əməliyyatların getdiyi ərazidən uzaqda yerləşən Azərbaycan şəhərlərini və əhalinin sıx məskunlaşdığı yerləri mütəmadi atəşə tutur. Azərbaycan Respublikasının Ermənistanla sərhəddə, həmçinin sərhəddə yaxın olmayan Gəncə şəhəri, Mingəçevir şəhəri, Tərtər, Goranboy, Naftalan, Qazax, Bərdə və s. rayonlarında mülki əhaliyə, xüsusilə yaşlı insanlara, körpə uşaqlara, qadınlara qarşı odlu silahlardan istifadə edirlər.  

Məktub müəllifləri ümidvar olduqlarını bildiriblər ki, bir sıra beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyan beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə  hörmətlə yanaşacaq, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında fəal və ədalətli mövqe göstərəcəklər.