Metro nəqliyyatı sistemi Bakı şəhərinin ictimai nəqliyyat sistemində aparıcı rol oynamağa davam edəcək və aqlomerasiyanın ən sıx məskunlaşmış əraziləri ilə mərkəz ərazilər arasında əsas ictimai nəqliyyat əlaqəsini təmin edəcək.

Unikal.org xəbər verir ki, bu barədə bu gün ictimaiyyətə təqdim edilmiş Bakının Baş Planı 2040-cı ildə Bakı şəhərinin əhalisi nə qədər olacağı ilə bağlı proqnozlarında qeyd edilib.

Məlumatda deyilir: ““28 May” stansiyası metro şəbəkəsinin mühüm əhəmiyyətə malik mərkəzi qovşağı olaraq qalacaq.

2027-ci ilədək “28 May”-“Cəfər Cabbarlı” keçid stansiyasında yaşıl və qırmızı xətlərinin bir-birindən ayrılması və yeni dəstəkləyici infrastrukturun yaradılması planlaşdırılır.

2040-cı ilədək metro xətləri şəbəkəsinin ümumi uzunluğunun hazırki 36,7 km-dən 76,2 km-ə, stansiyaların sayının isə 25-dən 51-ə çatdırılması nəzərdə tutulur”.

Xatırladaq ki, Bakı şəhərinin Baş Planının hazırlanması prosesi beynəlxalq təcrübəyə uyğun olaraq, iki mərhələdə təşkil edilib. 1-ci mərhələdə beynəlxalq strateji məsləhətçi olan “Boston Consulting Group” (BCG) şirkətinin dəstəyi ilə Komitə tərəfindən paytaxtın inkişaf konsepsiyası işlənilib.