Türkiyə çempionu "Başakşehir"dən ayrılan futbolçu Robinyo Braziliya "Santos"una keçib.
Unikal.org klubun rəsmi saytına istinadən məlumatına görə, 36 yaşlı hücumçu ilə 5 aylıq müqavilə bağlanılıb. 2021-ci ilin fevralınadək davam edəcək sözləşmə müddətində braziliyalı forvard ayda 1500 Braziliya realı (271 ABŞ dolları) maaş alacaq.
Robinyo San-Paulu təmsilçisinin heyətində dördüncü dəfə çıxış edəcək. O, peşəkar karyerasına 2002-ci ildə məhz bu komandada başlayıb. Daha sonra "sambaçı" İspaniyanın "Real Madrid", İngiltərənin "Mançester Siti", İtaliyanın "Milan", Çinin "Quançjou Everqrand", Braziliyanın "Atletiko Mineyro" və Türkiyənin "Sivasspor" klublarında forma geyinib. "Mançester Siti" və "Milan"da oynadığı vaxt - 2010 və 2014-cü illərdə hücumçu "Santos"a icarəyə verilib.
Ötən mövsüm isə Robinyo "Başakşehir"in heyətində 25 oyuna çıxsa da, qol vura bilməyib. "Santos"la isə o, iki dəfə Braziliya çempionu, habelə, Libertadores Kubokunun qalibi olub.