Azərbaycan Turizm və Menecment Universiteti Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycanının tarixi ərazisi Dağlıq Qarabağ bölgəsində 27 sentyabr 2020-ci il tarixdə törətdiyi geniş miqyaslı təxribata cavab olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin apardığı əks-hücum əməliyyatlarını alqışlayır və inanır ki, şanlı Azərbaycan Ordusu Dağlıq Qarabağ və işğal olunmuş digər torpaqlarımızı tezliklə azad edecəkdir.
Unikal.org xəbər verir ki, ordumuza dəstək məqsədilə Azərbaycan Turizm və Menecment Universitetinin kollektivinin şəxsi təşəbbüsü ilə 10 oktyabr tarixində uyğun ordu qərargahına müxtəlif çeşiddə zəruri geyim və müxtəlif ləvazimatlar təqdim olunub.
Həmçinin, döyüş bölgəsindəki əsgərlərimizə akademik, inzibati heyət və tələbələr tərəfindən ürək sözləri yazılmış “əsgərə məktub”lar, hədiyyə paketlərinə əlavə edilərək cəbhə bölgəsinə göndərilib.
ATMU-nun tələbə-müəllim heyəti, Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi əks-hücum əməliyyatlarını dəstəkləyir və Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək müqəddəs Vətən müharibəsində iştiraka hazırdır.
Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi: “Azərbaycan xalqına eşq olsun! Qarabağ Azərbaycandır!”