Bir aydan çox könüllü olaraq cəbhəyə yollanan əsgər Mehman Seyfullayev çətin döyüş əməliyyatlarını sağ-salamat icra edərək, ona verilən tapşırığı uğurla yerinə yetirib. Qələbə xəbərindən sonra isə bu gün ilk dəfə yazdığı vəsiyyətini dostları ilə bölüşüb.
Unikal.org xəbər verir ki, özü ilə sadəcə olaraq 6 aylıq körpəsinin corabını və fotosunu götürərək cəbhəyə yollanan Mehmanın tək istəyi isə şəhidlik zirvəsinə yüksələcəyi halda, ailə qurduqdan 4 il sonra dünyaya gələn qızının corabı ilə dəfn olunmaq idi.
Əsgərimizin anası deyir ki, oğlu üçün vətən hər kəsdən öndə gəlib. Hərbi xidmətə yollanan zaman "Şəhid Mehman" yazaraq gedib.
Atası Səyyar Seyfullayev isə bildirib ki, Mehmanı döyüşdən heç kim saxlaya bilməzdi. O, 6 il əvvəl dostunun qisasını almağa söz verib. Bu dəfə könüllü yazıldıqda da qisasını almağa gedəcəyini söyləyib.