Həm xaricdən, həm də respublikanın müxtəlif guşələrindən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ünvanına məktublar gəlir.
Unikal.org məktublardan bir neçəsini təqdim edir:
Salih Varoldan, Bolu, Türkiyə
Hörmətli cənab Prezident,
"İki dövlət, bir millət” deyə müraciət etdiyimiz can Azərbaycana Ermənistanın hücumu böyük türk millətlərini dərindən hiddətləndirdi. Kədərimiz və ağrımız sonsuzdur.
Bu hücum bəlkə də Qarabağın zirvələrində Azərbaycan bayrağını dalğalandırmaq, onu Vətən torpaqlarına qatmaq üçün Allahın Sizlərə yaratdığı bir imkan, bir lütf idi.
Azərbaycan və Türkiyə bir-birinin sevincinə sevinən, kədərinə üzülən iki qardaşdır.
Sizin dediyiniz kimi, artıq Azərbaycanın Qarabağ məsələsini həll etmək üçün bir 30 il gözləməyə nə vaxtı var, nə səbri. İndi Ermənistanın darda olduğunu görən Rusiya, Fransa, Amerika və bəzi digər ölkələr onu xilas etmək üçün yollar axtarır. Atəşkəs olsa da Ermənistana və mənfur qonşuya etibar olmaz. Hamımız bilirik ki, son qarış torpağımızda Azərbaycan bayrağı dalğalanana qədər mübarizəmiz bitməmişdir.
Azərbaycan xalqına edilən zülmləri, xüsusən Xocalı soyqırımını Türkiyə heç vaxt unutmayacaq. Bu milli mübarizənizdə 83 milyonluq Türkiyə yanınızdadır.
“Vür.. Vür.. inləsin...
Erməni və zalım dünya,
Azərbaycanın gücünü öyrənsin...”
Maqomed Qurbanovdan, Dağıstan, Rusiya
“Çox hörmətli İlham Heydər oğlu.
Sizə dərin ehtiram, böyük təşəkkür və doğma Azərbaycana görə hədsiz qürur hissi ilə Sizi və bütün Azərbaycan xalqını şanlı Qələbə münasibətilə təbrik edirəm.
Hamımızın – Sizin müasirlərinizin bəxti gətirib ki, biz Azərbaycan xalqının tarixi torpaqlarının müdafiəsi üçün həyata keçirdiyiniz fəaliyyətin şahidləri olmuşuq.
Siz dərin hörmət bəslədiyimiz şəxsiyyətlərin – müasir Azərbaycan dövlətçiliyini yaratmış ümummilli lider Heydər Əliyevin və babanız – Böyük Vətən müharibəsi dövründə Dağıstan xalqlarını deportasiyadan xilas etmiş Əziz Əliyevin vəsiyyətlərinə və nəcib təşəbbüslərinə sadiq qalaraq, öz yorulmaz titanik əməyiniz, müdrikliyiniz, təmkininiz və qeyri-adi gərgin zəhmətiniz hesabına bu gün düşməni kapitulyasiyaya, Sizin bütün şərtlərinizi və tələblərinizi qəbul etməyə məcbur etdiniz, yüz minlərlə həmvətəninizin öz doğma torpaqlarına qayıtmasına, öz yurdlarında yenidən işıq yandırmasına, dahi atanızın vəsiyyətlərinin yerinə yetirilməsinə imkan yaratdınız.
Sizin sayənizdə Azərbaycan xalqı tarixdə ən böyük qələbələrdən birinin şahidi oldu. Siz bütün qardaş xalqların qəlblərini fəth etdiniz, öz xalqına fədakarcasına xidmət kimi müqəddəs ailə ənənələrini ləyaqətlə qoruyub saxlamaq və daha da gücləndirməklə Müzəffər Prezident kimi tarixə düşdünüz.
İlham Heydər oğlu, böyük Qələbəyə görə sağ olun!
Sizə möhkəm cansağlığı, işğaldan azad edilmiş ərazilərin bərpası və reinteqrasiyası üçün tükənməz qüvvə, Azərbaycan xalqının daha da firavan yaşaması naminə fəaliyyətinizdə uğurlar diləyirəm.
Ən xoş arzularla və səmimiyyətlə...”
Allahverdi Kahramanoğludan, Ankara, Türkiyə
“Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan,
Şanlı Azərbaycan Ordusunu Qarabağ torpaqlarını işğaldan qurtarması üçün cəbhədə qazandığı zəfərlərə görə təbrik edir, bundan sonra da uğurlar diləyirəm.
Bu haqlı Vətən müharibəsində hər an Azərbaycan ordusunun yanında olmaq, onun mübarizəsinə dəstək vermək istədim.
İki dövlət, bir millət olmamız qəlblərimizdə kök salmışdır. Bir daha bu şərəfli savaşınızı alqışlayır, uca Allahdan Azərbaycan ordusuna daim zəfər qismət etməsini diləyirəm”.
Şahin Nəsibovdan, Nur-Sultan, Qazaxıstan
“Çox hörmətli cənab Prezident.
Müzəffər Ali Baş Komandan olaraq torpaqlarımızı işğaldan azad etmək üçün həyata keçirdiyiniz müqəddəs savaş və qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizin rəhbərliyinizlə Milli Ordumuz Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağı və ətraf rayonları düşmən işğalından azad etməklə qələbə qazandı. Ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən bu məsuliyyətli, eyni zamanda şərəfli günlərdə Qazaxıstandakı soydaşlarımız və ümumiyyətlə, dünya azərbaycanlıları bütün varlığı ilə Ali Baş Komandanımızın, Ordumuzun yanındadır. Sizinlə və bu müqəddəs savaşda döyüşən əsgər və zabitlərimizlə fəxr edirik. Vətən uğrunda canını fəda edən soydaşlarımıza Allahdan rəhmət diləyirik.
Siz bir daha beynəlxalq aləmə sübut etdiniz ki, Azərbaycan dövləti bu torpaqların həqiqi sahibidir. Şükürlər olsun ki, Sizin qətiyyətiniz sayəsində bu haqq savaşında Azərbaycan qalib gəldi. Siz xaricdəki soydaşlarımıza tövsiyə etmisiniz ki, mütərəqqi yenilikləri Azərbaycana gətirsinlər. Mən də buna uyğun olaraq fəaliyyət göstərirəm. Düşünürəm ki, Azərbaycanımızın iqtisadi yüksəlişi əksər ölkələrə nümunə olacaq. Mən Azərbaycanın gələcəyini parlaq görürəm. Hər zaman Vətənimin adının yüksəklərdə olmasını arzulayıram.
Allah Sizi, Azərbaycan xalqını və qəhrəman Ordumuzu qorusun. Bu Qələbə münasibətilə Ali Baş Komandan olaraq Sizi, Ordumuzu və dünya azərbaycanlılarını bir daha ürəkdən təbrik edirik!”
Zabil Əliyevdən, Volqoqrad, Rusiya
“Salam, çox hörmətli cənab Prezident!
Biz – Rusiya Federasiyasının Volqoqrad vilayətində yaşayan soydaşlarınız, hər şeydən öncə, Sizə möhkəm cansağlığı arzulayırıq!
Azərbaycan torpaqlarını işğalçı düşməndən təmizləmək qərarınızı, Sizin yürütdüyünüz siyasəti tam dəstəkləyirik.
Rusiya Federasiyasının Volqoqrad vilayəti ərazisində yaşayan bütün azərbaycanlılar Sizinlə tam həmrəyik!
Güclü siyasət, güclü Ordu olmasa, güclü dövlət olmaz. Güclü Azərbaycan dövləti, güclü Azərbaycan Ordusu Sizin böyük xidmətinizdir, dahi siyasətçi, ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətidir. Siz Heydər Əliyevin ədalətli siyasətini davam etdirirsiniz. Biz Sizə inanır və dərin hörmət bəsləyirik.
Sizin səyləriniz və Azərbaycan xalqının gücü bizim sevimli Azərbaycan torpaqlarında sülhü bərqərar edəcəkdir!
Biz hər zaman Sizin yanınızdayıq!”
Təhminə Məmmədovadan, Daşkəsən, Azərbaycan
“Hörmətli cənab Prezident,
Mən Azərbaycan Respublikasının bir vətəndaşı olaraq Sizi ürəkdən salamlayır, Sizi və ailənizi ürəkdən təbrik edir, Sizə ən xoş arzu və diləklərimi çatdırmaq istəyirəm.
Düşmən tapdağından azad edilmiş Qarabağ bizim xoşbəxtliyimizin təməlidir. Biz hər zaman Sizə güvənmişik və hər zaman da güvənəcəyik. Siz bizim qürurumuz və fəxrimizsiniz. Uğurlarınızın və uğurlarımızın bol olmasını Uca Tanrıdan diləyirik. Allah Sizi və ailənizi qorusun”.
Sevinc Nağıyevadan, Naftalan, Azərbaycan
“Möhtərəm cənab Prezident,
Naftalan sakinləri adından Sizi şanlı Qələbə münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Sizin qüdrətiniz sayəsində Azərbaycan torpaqları sahiblərinə qayıtdı. Siz müzəffər Ordumuzla birlikdə Azərbaycanı qaranlıqdan aydınlığa çıxardınız. 2020-ci ilin payızı işğalın son payızı olaraq tarixin yaddaşına köçdü.
Cənab Prezident, Odlar Yurdu Azərbaycanımızın gələcək inkişafı naminə işlərinizdə Sizə uğurlar diləyirik. Allah Sizə və ailənizə yar olsun. Uca Allah Ordumuzu və xalqımızı qorusun!”
Nofel Beybutovdan, Qusar, Azərbaycan
“Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan!
Bu məktubu Sizə Qələbə sevincinin xoş hisslərinin, duyğularının təsiri altında yazıram. Azərbaycan 10 noyabrdan sonra tarixinin yeni mərhələsinə qədəm qoyub. Sizin bilavasitə rəhbərliyinizlə müzəffər Ordumuz böyük əzmkarlıqla işğalçı Ermənistan üzərində Qələbə çaldı. Bununla da bütün dünyaya haqq-ədalətin həmişə qalıb gəldiyini sübut etdik. 30 il ərzindəki həsrətimizə, nisgilimizə qətiyyətinizlə, əzmkarlığınızla son qoydunuz. Siz xalqımıza elə unudulmaz anlar yaşatdınız ki, xalqımız Sizə əbədi minnətdardır. Siz bütün dünyaya sübut etdiniz ki, xalqımız işğalla barışmayacaq, torpağımızın bir qarışını da düşmən tapdağı altında saxlamayacaqdır.
Cənab Ali Baş Komandan, Sizi bu tarixi Qələbə münasibətilə bütün qusarlılar adından təbrik edir, Sizə və müzəffər Ordumuza dərin təşəkkürümüzü bildiririk.
Eşq olsun Ali Baş Komandanımıza!
Yaşasın Azərbaycan!”
Mirnağı Seyidovdan, Bakı, Azərbaycan
“Hörmətli Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız,
Böyük Qələbə münasibətilə Sizi və xalqımızı təbrik edirəm. Bu qələbəni Siz bizə bəxş etdiniz. Siz xalqımıza Vətəni, dövləti, torpağı, bayrağı necə sevməyi göstərdiniz.
Bizim bayraq sevgimiz Qələbədən sonra daha da artdı. Evində, əlində, avtomobilində bayraq olmayan şəxslərin evləri, əlləri, avtomobilləri Azərbaycan bayrağı ilə bəzəndi. Siz xalqımıza bayrağımızı ürəkdən sevməyi öyrətdiniz. Hər bir insanın xarici ölkədə olduğu zaman axtardığı dövlət atributlarından birincisi öz dövlətinin bayrağıdır. Əminəm ki, bundan sonra da vətəndaşlarımız xarici ölkələrdə olan zaman başlarını dik tutaraq və qürurla bu bizim bayraqdır, bu torpağını işğalçılardan azad etmiş Azərbaycan Respublikasının bayrağıdır deyəcəklər.
Mən könüllü olaraq orduya yazılsam da, döyüş əməliyyatlarında iştirak edərək vətənimə borcumu ödəyə bilmədim, lakin bir vətəndaş olaraq çalışdığım vəzifədə, eləcə də gündəlik həyatımda gördüyüm işlərin öhdəsindən şərəflə gələrək dövlətimə olan borcumu az da olsa ödəyəcəyəm.
Mən fəxr edirəm ki, azərbaycanlıyam”.
Rövşən İbrahimovdan, Füzuli, Azərbaycan
“Müzəffər Ali Baş Komandanımız İlham Əliyev!
Uzun illər işğal altında olan torpaqlarımız Sizin rəhbərliyiniz altında işğaldan azad olundu. Xalqımız hər zaman Sizə, Ordumuzun qələbəsinə inanırdı.
Bu böyük Qələbəni bizə yaşatdığınız üçün Sizə şəxsən öz adımdan və ailəmiz adından təşəkkürümü bildirirəm.
Allah haqq yolunda canından keçən şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa versin. Azərbaycan xalqı Sizinlə və rəşadətli ordumuzla fəxr edir!
Qarabağ Azərbaycandır!
Minarə İsayevadan, Goranboy, Azərbaycan
Hörmətli, əziz və əvəzolunmaz Prezidentimiz!
Fəaliyyətinizin ilk günündən daim dövlətə, millətə dəstəyiniz əvəzsizdir. Bir ziyalı kimi, bir azərbaycanlı anası kimi Sizə şəxsən öz dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.
Hər insanın bir ümdə arzusu var. Mənim arzum isə Kəlbəcər rayonunda salınacaq İlham Əliyev adına Zəfər parkının açılışında Sizi görmək, təşəkkürümü canlı bildirməkdir. Bəli, mən o günü səbirsizliklə gözləyirəm.
Sizə həm məcburi köçkünlərin, həm də müəllimlər ordusunun adından minnətdarlıq bildirirəm.
Yaşasın İlham Heydər oğlu Əliyev!
Millətimizi ağ günə çıxaran sərkərdəmiz, biz daim Sizinləyik!”
Əli Qurbanlıdan, Bərdə, Azərbaycan
“Hörmətli cənab Prezident,
Müzəffər Azərbaycan Ordusu sadəcə 45 gündə düşmənə sarsıdıcı zərbə vurdu və nəticədə işğal altında olan torpaqlarımızı azad etdi. Bu Qələbədə əsas rolu Sizin uğurlu və uzaqgörən siyasətiniz, əsgərlərimizin gücü və xalqımızın birliyi oynadı. Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirdiniz. Azərbaycan xalqı çox şanslı xalqdır ki, Sizin kimi Ali Baş Komandanı var. Sizin sayənizdə bütün azərbaycanlılar başı uca gəzəcək. Şəhidlərimizə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm. Mən fəxr edirəm ki, azərbaycanlıyam. Allah Sizi və Azərbaycan xalqını qorusun. Qarabağ Azərbaycandır!
Sona Əliyevadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ordumuzun Ali Baş Komandanı,
Bu günlərdə Azərbaycan xalqı inanılmaz sevincli və xoşbəxt günlər yaşayır. Uzun illər xiffətini çəkdiyimiz torpaqlarımız Sizin yüksək diplomatik peşəkarlığınız, qətiyyətli siyasi iradəniz və böyük mücadiləniz sayəsində işğaldan azad olundu. Yüzilliklərdən sonra qalib xalq olmaq duyğusunu yaşadıq. Tarixən güclü, cəsarətli və döyüşkən olduğumuzu yenidən xatırladıq. Bunun üçün Şanlı Ordumuza və Sizə minnətdarlığımız sonsuzdur.
Bilgə Xaqanımız və Böyük Sərkərdəmiz! Allah Sizi və ailənizi qorusun! Hər birimiz son nəfəsimizə qədər Sizin əsgərinizik! Şanlı Ordumuza eşq olsun! Qarabağ Azərbaycandır!”
Fidan Nağızadədən, İmişli, Azərbaycan
“Hörmətli Ali Baş Komandan, cənab İlham Əliyev,
Sizin və rəşadətli Ordumuzun misilsiz şücaəti sayəsində Vətənimiz Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın mənfur düşmən işğalından azad edilməsi münasibətilə Sizi ürəkdən təbrik edir, yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Məhz Sizin komandanlığınız ilə şanlı Ordumuzun erməni işğalçıları üzərində qazandığı zəfərlər hər birimizdə qürur, iftixar hissləri yaradır. Füzuli rayon 38 nömrəli məktəbin müəlliməsi olaraq, böyük sevinc hissi ilə fəaliyyətimizi gözəl torpaqlarımızda davam etdirməyi gözləyirik”.
Şahlar Mehdiyevdən, Ağdam, Azərbaycan
“Hörmətli cənab Prezident,
Sizin rəhbərliyiniz altında Azərbaycanın rəşadətli Ordusunun şücaəti sayəsində düşmən tapdağı altında qalan torpaqlarımızın azad olunması və həmin torpaqlarda şanlı Azərbaycan bayrağının dalğalandırılması bütün xalqımızı, o cümlədən, biz məcburi köçkünləri də fərəhləndirir. Sizi və Ordumuzun bütün əsgər və zabit heyətini bu böyük Qələbə münasibətilə təbrik edirik. Sizə möhkəm cansağlığı, uzun ömür, gələcək fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq.
Siz bizim əbədi Prezidentimizsiniz. Allah Sizi qorusun!”
Türkanə Hüseynovadan, Tovuz, Azərbaycan
“Möhtərəm cənab Prezident,
Sizin uzaqgörən, düzgün və qərarlı siyasətiniz nəticəsində şanlı Ordumuz və xalqımız gün-gündən yüksək nailiyyətlər əldə edir. Mən bir azərbaycanlı olaraq Sizinlə qürur duyuram. Siz Azərbaycan xalqının fəxrisiniz.
“Qarabağ Azərbaycandır!” şüarınızla bu haqq mübarizəsində mən bir həkim olaraq öz səylərimi əsirgəmədim. Ömrümün qalan hissəsini də Sizin siyasətinizə sadiq qalaraq, xalqıma və Vətənimə xidmət etməyə hazıram.
Cənab Prezident, Sizi doğma Qarabağın işğaldan azad olunması münasibətilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının bütün kollektivi adından səmimi qəlbdən təbrik edirik. Sizinlə qürur duyuruq.
Yaşasın Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandanımız!”