İndoneziyada havaya qalxdıqdan qısa müddət sonra dənizə çırpılan "Sriwijaya" Hava Yollarına məxsus sərnişin təyyarəsindən  siqnal alındığı bildirilib.

Unikal.org xəbər verir ki, bu barədə Baş Qərargah rəisi Hadi Tjahjanto, paytaxt Cakartanın şimalında yerləşən Tanjung Priok Limanında qurulan böhran mərkəzindən təyyarədən radar izləməsində güclü siqnallar aldıqlarını qeyd edib. 

Tjahjanto, siqnalın alındığı bölgəyə xüsusi dalğıc qruplarının, o cümlədən orduya aid təyyarə və gəmilərin axtarış qurtarma əməliyyatları üçün göndərildiyini bildirib. 

Xatırladaq ki, ötən gün Cakarta hava limanından havaya qalxan “Sriwijaya Air” aviaşirkətinə məxsus “Boeing 737-500” sərnişin təyyarəsi uçduqdan bir neçə dəqiqə sonra naməlum səbəbdən dənizə düşüb. Təyyarədə 62 sərnişinin olduğu bildirilib.