Nigeriyanın cənub-şərqində qaz daşıyan avtomaşının partlaması nəticəsində azı 30 nəfərin öldüyü ehtimal olunur.

Unikal.org xəbər verir ki, bu barədə Nigeriyanın “Nation” qəzeti məlumat yayıb.

“Yanvarın 22-də axşam saatlarında Aqbor şəhərində yanacaq doldurma məntəqəsində (YDM) yanacaq xortumundan qazın sızması nəticəsində partlayış baş verib”, - deyə qəzet hadisə şahidi Entoni Uokerdən sitat gətirib.

Partlayış o qədər güclü olub ki, YDM-in yaxınlığında olan 30-dan çox evə ziyan dəyib. Partlayışdan sonra yanğın başlayıb. Ölənlərin əksəriyyəti evlərində olanlardır. 17 nəfər də xəsarətlə xəstəxanaya aparılıb, onların hamısının ağır yanıq xəsarətləri aldığı deyilir.

Partlayışla bağlı araşdırmalara başlanılıb. Hadisə şahidləri dindirilir.