Boks üzrə Avropa Olimpiya Təsnifat Turnirinin yeri dəyişdirilib.

Unikal.org xəbər verir ki, bu barədə qərarı Beynəlxalq Olimpiya Komitəsinin Boks üzrə İşçi Qrupu (BTF) verib.

Belə addımın atılmasına koronavirus pandemiyası səbəb olub. Ötən ilin martında Böyük Britaniyanın paytaxtı Londonda başlayan təsnifat turnirinin elə eyni məkanda davam etdirilməsi nəzərdə tutulmuşdu. Lakin Birləşmiş Krallıqda tüğyan edən infeksiya aprelə planlaşdırılan yarışın təşkilini mümkünsüzə çevirir.

BTF turnir üçün yeni təşkilatçı şəhərin axtarışına başlayıb. Yeni şəhərin adı fevralın 17-də təsdiqlənməlidir. Bu, qurumun bəyanatında əksini tapıb: “BTF qərara alıb ki, Tokio-2020-nin apreldəki boks üzrə Avropa Olimpiya Təsnifat Turniri artıq Londonda keçirilməsin. Qərar Böyük Britaniyaya gediş-gəliş və digər məhdudiyyətlərin qoyulması ilə bağlıdır. İndi digər mümkün variantlar nəzərdən keçirilir”.

Qeyd edək ki, ötən il yarımçıq dayandırılan turnir zamanı Türkiyənin iki boksçusu və məşqçisi, həmçinin Xorvatiyanın üzvü koronavirusa yoluxmuşdu.