"Atalanta"da uğurlu mövsüm keçirən Luis Muriellə Duvan Zapatanın "elçilər"i qapıda dayanıb. Kolumbiyalı futbolçuların hər ikisinin mövsümlərarası fasilədə satılacağı gözlənilir. Artıq indidən klub rəhbərliyi hücum xəttində yaranacaq boşluğu doldurmaq üçün namizədlərin axtarışına çıxıb.
Unikal.org "Sport-Ekspress"ə istinadla xəbər verir ki, berqamolular gözünü Rusiya çempionatının hazırkı bombardirinə dikib (23 oyun, 19 qol). Baş məşqçi Jan Pyero Qasperini "Zenit"in və İran millisinin forvardı Sərdar Azmunun xidmətində maraqlıdır. Mənbənin məlumatına görə, "Atalanta" Sərdarın transferi üçün Rusiya klubuna 20 milyon avro təklif edəcək.
Qeyd edək ki, "göy-qaralar" ötən il Rusiya bazarından sabiq "Lokomotiv"li Aleksey Mirançuku transfer etmişdi.