“Bu gün sosial şəbəkələrdə qiymət artımı ilə bağlı məsələlərdən çox bəhs olunur. Məlumatlarda bir sərnişinin daşınmasına çəkilən xərcdən söhbət gedir”.
Unikal.org xəbər verir ki, bunu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov sərnişindaşımanın 97 qəpik olacağı ilə bağlı yayılmış məlumata aydınlıq gətirərkən deyib.
Qurum rəsmisinin sözlərinə görə, metroda sərnişindaşıma bərpa olunanda, qiymətlərin 97 qəpik olacağı barədə yayılan məlumatlar tamamilə yanlışdır:
“Hər bir sahədə olduğu kimi, metroda da proqnozlaşdırma var. Hesablanıb ki, əgər iyunun 1-də metro açılarsa və il ərzində təxminən 132 milyon sərnişin daşınarsa, bir sərnişinin daşınmasına çəkiləcək xərcin 97 qəpik olması gözlənilir.
2019-cu ildə bir sərnişin 51 qəpiyə başa gəlib. Sərnişin 30 qəpiyə daşınıb. 2020-ci ildə bir sərnişin 1 manat 54 qəpiyə başa gəlib. 30 qəpiyə daşınıb.
97 qəpik isə proqnozlaşdırılandır. Bəlkə, metro iyunun 1-i açılmayacaq”.
O vurğulayıb ki, gözlənilən və ya proqnozlaşdırılan hələ fakt deyil:
“Bəlkə, açılacaq, 132 milyon deyil, daha az və ya daha çox daşınacaq. Yəni qiymət faktiki daşınan sərnişinə görə bəlli olacaq.
Amma qiymət artımı fərqli mövzudur. Maraqlanmaq istəyənlər üçün bildirim ki, hələlik Tarif Şurasına müraciət olunmayıb. Əsas vəzifə indi infrastrukturu qoruyub saxlamaqdır”.