Bu gün Azərbaycan kubokunda final oyunu keçirilib.
Unikal.org xəbər verir ki, həlledici qarşılaşma Masazırdakı “Bank Respublika Arena”da baş tütüb.
2020/21 mövsümünün son qarşılaşmasında “Keşlə” və “Sumqayıt” üz-üzə gəlib. Matç erkən qolla başlayıb. Miyuşko Boyoviç öz qapısına qol vuraraq sumqayıtlıları hesabda önə çıxarıb.
Lakin buraxılan qoldan sonra toparlanan Bakı klubu fasiləyədək hesabda tarazlıq yaradıb. İkinci hissədə isə Boyoviç yenidən səhnəyə çıxıb. Legioner bu dəfə rəqib qapısına qol vuraraq “Keşlə”ni hesabda irəli çıxarıb.
Bu qələbə paytaxt təmsilçisini tarixində 2-ci dəfə kubokun qalibi edib. Bakılılar 2017/18 mövsümündəki uğurunu təkrarlayıb. “Keşlə” bununla da Konfrans Liqasına da vəsiqə qazanıb.
“Sumqayıt isə ardıcıl 2-ci dəfə finalda uduzub. İki il öncə olduğu kimi yenə “Gənclik şəhəri” təmsilçisinin arzusunu Sənan Qurbanovun komandası gözündə qoyub. O, 2018/19 mövsümündə “Qəbələ”, bu dəfə “Keşlə” ilə kuboka yiyələnib. Qurbanov ardıcıl iki finalda fərqli klublarla yarışın qalibi olan ilk mütəxəssis kimi tarixə düşüb.
Qeyd edək ki, 2019/20 mövsümü koronavirus səbəbindən başa çatdırılmayıb.