Bu gün Avstriyaya işgüzar səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxış edib.
XİN-dən Unikal.org-a verilən məlumata görə, çıxışında nazir Ceyhun Bayramov Azərbaycanın ATƏT-ə verdiyi önəmi, Helsinki Yekun Aktından başlayaraq ATƏT-in əsas sənədlərində təsbit olunmuş prinsiplərə hörmət və ciddi riayət edilməsinin əhəmiyyətini vurğulayıb.
Hazırkı mərhələdə işğal faktorunun aradan qaldırılması ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması imkanının yarandığı, bunun hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət əsasında mümkün olduğunu diqqətə çatdırılıb.
Bu xüsusda, həmçinin Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının mümkünlüyünə toxunulub.
Çıxışda nazir, habelə münaqişə sonrası bərpa, yenidənqurma və reinteqrasiya proseslərinin əhəmiyyətini vurğulayıb. Bu istiqamətdə Azərbaycanın ATƏT-in icraçı strukturları ilə əməkdaşlıq etməyə davam edəcəyi qeyd olunub. Münaqişənin həllinin regionda sülh, təhlükəsizlik və əməkdaşlıq üçün yeni perspektivlər yaratdığı, ATƏT-in də bu proseslərə töhfə verə biləcəyi vurğulanıb.
Görüş zamanı nazir Ceyhun Bayramov Ermənistan nümayəndəsi tərəfindən Azərbaycana qarşı səsləndirilən əsassız iddiaları cavablandırıb.