İtaliyanın "İnter" klubu Antonio Konteni baş məşqçi postundan istefaya göndərib.
Unikal.org-un klubun rəsmi saytına istinadən məlumatına görə, bu barədə qərar qarşılıqlı razılıq əsasında qəbul olunub.
Sözləşməyə vaxtından əvvəl xitam verdiyi üçün "neradzurri" 52 yaşlı mütəxəssisə 7 milyon avro kompensasiya ödəyəcək. Müqavilə daha bir mövsüm qüvvədə olmalı idi. Sözləşmə müddəti bitənədək Konteyə 13 milyon avro verilməli idi.
İstefaya səbəb kimi tərəflər arasndakı anlaşmazlıq göstərilir. Maliyyə problemləri yaşayan klub yayda heyətini gücləndirəcəyinə təminat verə bilmir. Bu azmış kimi, rəhbərlik əmək haqlarını azaltmaq və təqribən 80 milyon avro dəyərində futbolçu satmaq niyyətindədir.
Qeyd edək ki, Antonio Konte "İnter"ə 2019-cu ilin yayında baş məşqçi təyin olunub. Bu mövsüm "qara-göylər" 11 ildən sonra İtaliya çempionu olub.