“Bu gün Suriya Ərəb Respublikasının Cerabus şəhərindəki Amerna düşərgəsində saxlanılan, altı nəfəri qadın və 14 nəfəri uşaq olmaqla, 20 nəfər Azərbaycan vətəndaşının vətənə repatriasiyası həyata keçirilib”.
Unikal.org xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Bildirilib ki, qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli tədbirlər nəticəsində baş tutub:
“Belə ki, ilk öncə vətənə repatriasiyası nəzərdə tutulan qadın və azyaşlı uşaqların yeri müəyyən edilib, onların şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti dəqiqləşdirilib.
Daha sonra İraq və Suriyadan AR vətəndaşlarının repatriasiyasına məsul işçi qrupa daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələri Türkiyə Respublikasına ezam ediliblər.
Türkiyə Respublikasının müvafiq dövlət qurumları ilə aparılmış müştərək fəaliyyət nəticəsində cari ilin 25 may tarixində Suriyada olan sözügedən vətəndaşlarımızın Türkiyə Respublikasına sərhəd keçidi təmin edilib.
Türkiyə Respublikasına ezam edilmiş nümayəndə heyəti tərəfindən 2021-ci ilin 26 may tarixində qadın və uşaqların ilkin tibbi və psixolojı müayinəsi keçirilib və onlara zəruri yardım göstərilib.
Bundan sonra Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən vətəndaşlarımızın ölkəyə qayıtması üçün onlara “Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”ləri rəsmiləşdirilib və onlar Azərbaycana uçuş biletləri ilə təmin ediliblər”.
Vurğulanıb ki, bu gün Türkiyənin miqrasiya xidməti rəsmilərinin və Azərbaycan nümayəndə heyətinin müşayiəti ilə yuxarı qeyd olunan vətəndaşların İstanbul-Bakı reysi ilə Azərbaycana repatriasiyası təmin edilib:
“Azərbaycan Respublikasının hökuməti tərəfindən müvafiq şəxslərin reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.
Repatriasiyanın həyata keçirilməsində Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının birgə və əlaqələndirilmiş fəaliyyəti həyata keçirilib. Bu prosesin reallaşmasında Türkiyə Respublikası tərəfindən göstərilmiş yardım xüsusilə qeyd olunmalıdır.
Azərbaycan Respublikasının Hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirəcək”.