Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan ötən gün Geğarkunik vilayətinin (Basarkeçər) Kut kəndinə səfər edib.
Caliber.az xəbər verir ki, N.Paşinyan səfər zamanı yerli sakinlərlə görüşüb.
Səfər nəticəsində maraq kəsb edən epizod N.Paşinyanın Lendroş Qaribyan adlı şəxslə baş tutmuş dialoqudur.
Sakin:
- Mən sizə sual vermək istəyirəm...
N. Paşinyan:
- Siz Kut kəndindənsiniz?
Sakin:
-Mən Kutdanam. Lendroş Qaribyan. Mən 33 ildir burada yaşayıram. Buraya türkləri qovmaq və məhv etmək üçün gəlmişik...
Bu anda həmsöhbətinin diqqətini videokameralara yönəldən Paşinyan, onu əl hərəkətləri ilə susdurmağa çalışır və nitqini davam etdirməsinə imkan vermir.
Sakin:
- Bəli... Anladım. O zaman azərbaycanlılar hələ Kəlbəcəri tərk etməmişdi. Onlar Xanlar bölgəsinin yüksək dağ otlaqlarında mal-qara otarırdılar. Türklərin (azərbaycanlıları nəzərdə tutur) mövqelərinin indi yerləşdiyi ərazilərdə əvvəllər təsərrüfatlar var idi. Gedib azərbaycanlıları oradan qovurduq. Xanlar bölgəsindəki təsərrüfatlardan birinin direktoru bizdən qoyun otarmasına mane olmamağımızı istəyirdi. Ancaq biz onları buraxmırdıq. İndi necə oldu ki, bizim nəzarət etdiyimiz türklərə məxsus oldu?...
Burada üç məqam diqqət çəkir. Birincisi, Ermənistan hakimiyyəti bunu daim təkzib etsə də, Kut kəndinin sakini şəxsən etiraf etdi ki, ermənilər dinc azərbaycanlıları onların öz ata-baba ərazilərindən qovub və öldürüblər.
İkincisi, əslində yerli sakinlər hər zaman azərbaycanlılara nifrətlə yanaşdıqlarını və bizi öz torpaqlarımızdan didərgin salmaq üçün hər yola əl atdıqlarını etiraf edirlər.
Üçüncüsü, yerli sakinlər Azərbaycan və Ermənistanın sərhəd ərazilərindəki yüksəkliklərin Azərbaycan ordusunun əlində olduğunu etiraf etmək məcburiyyətində qalıblar ki, bu da bizi sevindirməyə bilməz.