Bu gün ölkəmizdə səfərdə olan Türkiyənin Ali Məhkəməsinin Baş Prokuroru Bəkir Şahin Azərbaycanın Baş Prokuroru Kamran Əliyev arasında ikitərəfli görüş keçirilib.
Unikal.org xəbər verir ki, görüş Baş Prokurorluqda baş tutub.
Tədbir zamanı iki dövlət arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birgə ciddi səyləri və sarsılmaz siyasi iradələri sayəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə uğurla inkişaf etdiyi xüsusilə qeyd olunub, tarixən xalqlarımızın milli köklərə söykənən bu münasibətlərin gələcək dövrdə də uğurla inkişaf etdiriləcəyi vurğulanıb.
Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın gücləndirilməsi, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, prokurorluğun strukturunun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə digər hüquq mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, həmçinin müasir dövrdə qarşıda duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat verib.
Kamran Əliyev 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk anlarından Türkiyə Respublikasının rəhbərliyi və xalqının ölkəmizə öz siyasi və mənəvi dəstəklərini nümayiş etdirdiyini minnətdarlıqla qeyd edib, işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma və bərpa işlərində türk şirkətlərinin fəal iştirak etməsinin iki ölkə arasında mövcud strateji əməkdaşlığın təzahürü olduğunu vurğulayıb.
Səmimi qəbula görə öz təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Bəkir Şahin ölkəmizi və xalqımızı qazanılmış qələbə münasibətilə təbrik edib, Vətən uğrunda canlarından keçmiş şəhidlərə rəhmət diləyib.
Bəkir Şahin təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib. O, iki ölkə arasında mövcud iqtisadi, siyasi, sosial, mədəni əlaqələrin yüksək səviyyədə olmasını və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün məsələlərdə bir-birinə dəstək verəcəklərini xüsusi vurğulayıb.
Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.