Milli Məclisin 2021-ci il yaz sessiyası başa çatıb.
Unikal.org-un xəbərinə görə, sessiyaya parlamentin bu gün keçirilən plenar iclasında yekun vurulub.
Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçən iclasda Dövlət Himninin səsləndirilməsi ilə sessiya bağlı elan edilib.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir.
Lakin yaz sessiyasının başa çatmasına baxmayaraq, Milli Məclisin növbədənkənar xüsusi sessiyasının çağrılıb.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır. Növbədənkənar sessiyanın gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir.
Növbədənkənar sessiya başa çatdıqdan sonra isə deputatlar iyulun 15-dən avqustun 30-dək tətildə olacaqlar. Məzuniyyətdə olduqları zaman deputatlara müalicə olunmaları və istirahət etmələri üçün onların iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir.
***11:00
Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası başlayıb.
Unikal.org xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 6 məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:
1. “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş)
2. “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
3. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
4. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
5. “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).