Türkiyədə səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov Anatolian Phoenix-2021” təliminin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak edib.
Bu barədə Unikal.org-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Əvvəlcə qonaqlar Türkiyə Hərbi Hava Qüvvələrinin “Solo Türk” və “Türk Ulduzları” aviaqrupuna daxil olan F-5 və F-16 tipli təyyarələrin nümunəvi uçuşlarını izləyib.
Sonra təlimin məqsədi, şəxsi heyətin hazırlığı, yerləşməsi, cəlb edilən qüvvələr, icra edilən tapşırıqlar, aviasiya vasitələrinin uçuşu və istifadəsi barədə brifinq təqdim olunub. Qonaqlar təlimlərə cəlb edilən şəxsi heyət və aviasiya vasitələri ilə tanış olub, qarşıya qoyulan tapşırıqların praktiki icrasını müşahidə edib.
Təlimə cəlb olunan heyətlər müxtəlif epizodlar üzrə tapşırıqları yerinə yetirib.
Azərbaycan HHQ-nin hərbi qulluqçuları və Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının peşəkarlıq səviyyəsi təlim rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.