“Türkiyə Gürcüstan üçün çox önəmli ölkə və strateji tərəfdaşdır”.
Unikal.org xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi brifinqdə deyib.
O, Türkiyənin uzun illərdir Gürcüstanın bir nömrəli ticarət tərəfdaşı olduğunu bildirib.
Hökumət başçısının sözlərinə görə, regionda Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi genişmiqyaslı birgə layihələr həyata keçirilib: “Gürcüstanın Azərbaycan və Türkiyə ilə sıx əməkdaşlığı, tərəfdaşlığı və ən əsası dostluğu var. İkitərəfli və üçtərəfli formatlarda layihələrin reallaşdırılması üçün yaxşı təməllər mövcuddur”.
İ.Qaribaşvili Türkiyə prezidenti ilə görüşdə bölgədəki vəziyyətin də nəzərdən keçirildiyini vurğulayıb. Bölgədə sülhə alternativin olmadığını qeyd edən baş nazir Gürcüstanın bütün məsələlərin danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu bildirib.
Gürcüstanın hökumət başçısı Türkiyə liderini Tbilisiyə səfərə dəvət edib.