Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahinin ölkəmizə rəsmi səfəri davam edir.
Bu barədə Unikal.org-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bekir Şahinin başçılıq etdiyi nümayəndə heyəti bu gün Gəncə şəhərinə işgüzar səfər ediblər.
Nümayəndə heyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Qonaqlar Nizami Gəncəvinin Məqbərəsini ziyarət edib, Məqbərədə yaradılan şəraitlə tanış olublar. Ölkə Prezidenti İlham Əliyev tərəfindən 2021-ci ilin "Nizami Gəncəvi ili" elan olunduğu qonaqların diqqətinə çatdırılmaqla, dünya şöhrətli dahi Azərbaycan şairinin iris barədə heyət üzvlərinə ətraflı məlumat verilib.
Daha sonra nümayəndə heyəti Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib, qonaqlar günahsız mülki insanlara qarşı həyata keçirilmiş erməni hərbi cinayətlərinin nəticələri ilə yerində tanış olub.
Nümayəndə heyəti erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüb.
Qonaqlara məlumat verilib ki, cəbhə zonasından kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncənin ümumilikdə 5 dəfə Ermənistan tərəfindən ağır artilleriya və raket zərbələri ilə atəşə tutulması barədə məlumat verilib.
Bildirilib ki, raket hücumları nəticəsində Gəncənin tarixi və dini abidələri, təhsil və səhiyyə ocaqları da zərər görüblər.
Daha sonra qonaqlar Gəncə şəhər prokurorluğunun inzabati binasında yaradılmış şəraitlə tanış olub, onlara prokurorluğun fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib.
Daha sonra qonaqların Göygöl Milli Parkına səfəri baş tutub. Əsrarəngiz gözəlliyə malik, nadir təbiət inciləri Göygöl və Maralgöl nümayəndə heyətinin böyük marağına səbəb olub. Qonaqlar gölün kənarında xatirə şəkilləri çəkdiriblər.
Nümayəndə heyətinin səfəri davam edir.