ABŞ Dövlət Departamentinin nümayəndəsi 6-13 iyun tarixlərində Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək.
Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə qurumdan bildirilib.
Dövlət Departamentindən verilən məlumata görə, dövlət katibinin Avropa və Asiya üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker iyunun 6-dan 13-dək Bakı, Tbilisi və İrəvana səfər edəcək.
ABŞ-ın xarici siyasət idarəsinin açıqlamasına görə, səfərin məqsədi “ikitərəfli və regional prioritetlərin təşviqi” və “bölgədə demokratik və iqtisadi inkişafa dəstək” olmaqdır.
“Riker Gürcüstanda hökumətlə, müxalifətlə və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək”, - deyə açıqlamada qeyd olunub.
Dövlət Departamentindən bildirilib ki, F.Riker xüsusi olaraq “Rusiyanın davam edən təcavüzü və Gürcüstanı işğal etməsi” mövzusunda müzakirələr aparmağı planlaşdırır.
Analoji görüşlər Azərbaycan və Ermənistanda da keçiriləcək. Departament rəsmisi Azərbaycan və Ermənistanda, həmçinin iki ölkənin hakimiyyət nümayəndələri, vətəndaş cəmiyyəti və biznes nümayəndələri ilə görüşəcək, “ikitərəfli prioritetlər və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləri” müzakirə edəcək.