Aparılmış əlavə araşdırmalar nəticəsində məlum olub ki, 2021-ci il iyunun 8-də Ermənistan-Azərbaycan sərhədinin Laçın rayonu ərazisində saxlanmış Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Artur Kartanyan Azərbaycan ərazisinə təxribat-diversiya məqsədilə daxil olmayıb.
Bu barədə Unikal.org-a Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunanları nəzərə alaraq, A.Kartanyan qarşı tərəfə geri təhvil verilib.
Bununla, Azərbaycan tərəfinin humanist davranışını növbəti dəfə nümayiş etdirərək ölkəmizə qarşı cinayət törətməmiş şəxsin geri qaytarılmasını təmin edirik.
22:56
xxx
İyunun 8-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində əlverişsiz hava şəraitindən istifadə edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu ərazimizə daxil olub.
Bu barədə Unikal.org-a Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin sayıqlığı nəticəsində qrupun bir üzvü, hərbi qulluqçu Artur Kartanyan saxlanılıb. Qrupun digər üzvləri geri çəkilərək ərazini tərk edib. Diversantın saxlanıldığı ərazinin koordinatları: X8610021, Y4387428.
İlkin araşdırmalara görə, düşmənin kəşfiyyat-diversiya qrupunun tapşırığı ərazilərimizin minalanması olub.
Hazırda qrupun saxlanılan üzvü haqqında məlumatlar dəqiqləşdirilir.