Azərbaycan Respublikası Prezidentinin 2020-ci ilin 24 noyabr tarixli sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün yaradılmış Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib.
Unikal.org xəbər verir ki, iclası açan Prezident Administrasiyasının və Qərargahın rəhbəri Samir Nuriyev Azərbaycan Respublikası Prezidentinin ötən ay ərzində Şuşa və Ağdama səfərlərini qeyd etmiş, bu səfərlər zamanı dövlət başçısının aparılan bərpa və yenidənqurma işlərinə yerində baxış keçirdiyi, bir sıra təməlqoyma mərasimlərində iştirak etdiyini və zəruri tapşırıqlar verdiyini vurğulayıb.
S.Nuriyev dövlət başçısının verdiyi konkret göstərişlər və qoyduğu vəzifələrin Qərargahın gündəlik fəaliyyətində rəhbər tutulduğunu diqqətinə çatdırıb.
İclasda işğaldan azad edilmiş ərazilərdə əsas prioritetlərdən biri olan minalardan təmizləmə, şəhərsalma və nəqliyyat-rabitə infrastrukturu layihələrinin icrasının vəziyyəti, su ehtiyatlarının idarə olunması və səmərəli istifadəsi, tarixi-mədəniyyət abidələrinin inventarlaşdırılması və bu abidələrin qorunması sahəsində həyata keçirilən tədbirlər, şəhid ailə üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, yaralıların, müharibə veteranları və iştirakçılarının sosial təminatı məsələlərinə dair məruzələr dinlənilib və zəruri tapşırıqlar verilib.
Azərbaycan Respublikasının Prezidentinin azad edilmiş torpaqların bərpa və yenidənqurma işlərinin ən yüksək standartlara uyğun həyata keçirilməsi tapşırığının icrası üçün bütün resursların səfərbər edilərək səmərəli istifadəsinin Qərargahın əsas hədəfi olduğu qeyd edilib.