Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik, AMEA Fizika İnstitutunun Molekulyar spektroskopiya laboratoriyasının müdiri Çingiz Oveys oğlu Qacar vəfat etməsi ilə əlaqdar nekroloq imzalayıblar.

Unikal.org xəbər verir ki, nekroloqda deyilir:

"Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Fizika sahəsində tanınmış alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Çingiz Qacar 2021-ci il iyunun 12-də ömrünün 93-cü ilində vəfat etmişdir.

Çingiz Oveys oğlu Qacar 1929-cu il iyunun 6-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1947–1953-cü illərdə Leninqrad Politexnik İnstitutunda texniki fizika ixtisası üzrə ali təhsil almışdır.

Əmək fəaliyyətinə 1953-cü ildən etibarən Azərbaycan Elmlər Akademiyasında, Fizika İnstitutunun Radiofizika laboratoriyasında başlayan Çingiz Qacar burada kiçik elmi işçi, böyük elmi işçi və laboratoriya rəhbəri olmuşdur. O, 1973–2002-ci illərdə Fotoelektronika İnstitutunda şöbə müdiri, 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda Molekulyar spektroskopiya laboratoriyasının rəhbəri, 2013-cü ildən ömrünün sonunadək isə eyni zamanda İnformasiya sektorunun rəhbəri işləmişdir. Çingiz Qacar 2009–2012-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun direktoru vəzifəsində çalışmışdır.

Çingiz Qacar 1963-cü ildə fizika-riyaziyyat elmləri namizədi, 1974-cü ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini almışdır. O, 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Akademik Çingiz Qacar molekulyar spektroskopiya və tətbiqi fizika üzrə nəzəri və təcrübi əhəmiyyətli tədqiqatları ilə respublikada fizika elminin inkişafına sanballı töhfələr vermişdir. Alim 50-dən artıq patent və müəlliflik şəhadətnaməsinin, ölkəmizdə və onun hüdudlarından kənarda nüfuzlu nəşrlərdə işıq üzü görmüş 250-dən çox elmi əsərin, o cümlədən bir çox dəyərli monoqrafiyaların müəllifidir. Çingiz Qacarın uzun illər ərzində apardığı fundamental elmi araşdırmaların nəticələrindən lazer fizikası, atmosferin lokal və məsafədən zondlanması, ulduzlararası fəzada molekulların axtarılması, eləcə də bir sıra digər sahələrdə uğurla istifadə edilmişdir. Alimin rəhbərliyi altında işlənib hazırlanan yeni fiziki metodlar, qurğu və cihazlar Azərbaycanda, həmçinin dünyanın bir çox ölkələrində geniş tətbiq olunmuşdur.

Çingiz Qacar Azərbaycanda yüksəkixtisaslı elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. Onun rəhbərliyi ilə fizika üzrə 30-dək fəlsəfə və elmlər doktorları hazırlanmışdır. Çingiz Qacar həm də Azərbaycan mədəniyyəti, incəsənəti və tarixinə dair əsərlərin müəllifi kimi tanınırdı.

Akademik Çingiz Qacarın səmərəli elmi və elmi-təşkilati fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, 1982-ci ildə Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüş, 1990-cı ildə “Əməkdar elm xadimi” fəxri adını almış, 2004-cü ildə “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Görkəmli alim, elm təşkilatçısı və nəcib insan Çingiz Oveys oğlu Qacarın xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Ramiz Mehdiyev

Arif Paşayev

Arif Həşimov

Rasim Əliquliyev

Eldar Salayev

Təyyar Cəfərov

Nazim Məmmədov