Milli Məclisin deputatı Ramil Həsənli Unikal.org-a müsahibə verib. O son günlər şəxsi həyatı ilə bağlı məsələsinin böyüdülərək ictimailəşməsindən və bunun kompro-savaşın bir hissə olmasından danışıb.
-Ramil müəllim, bir neçə gün öncə ailədaxili məsələniz ictimailəşdi. Məsələnin bu şəkildə böyüməsi və daha çox müzakirəsi nəyin nəticəsidir?
-Öncə onu deyim ki, 1995-ci ildən, 17 yaşımdan bəri Azərbaycan dövlətinə Yeni Azərbaycan Partiyasına üzv olaraq xidmət etməyə başlamışam. Yəni, ağlım kəsəndən ölkəmə, millətimə və Heydər Əliyev ideologiyasına, siyasətinə, indi də cənab Prezidentin uğurla həyata keçirdiyi siyasətə sadiq bir insanam. Allah qismət eləsə, ömrümün sonuna qədər də bu yolda davam edəcəyəm. Son illər, xüsusən də Vətən müharibəsi ərəfəsində və dövründə Türkiyə-Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsində, cənab Prezidentin müəyyənləşdirdiyi siyasətin inkişaf etdirilməsində üzərimə düşən məsuliyyəti dərk edib əlimdən gələni etmişəm. Amma görünən odur ki, bu yolda ortaya qoyduğum iş, fəaliyyətim Azərbaycan-Türkiyə münasibətlərinin strateji əməkdaşlıq istiqamətində inkişafının əleyhinə olan “5-ci kalon” nümayəndələrini, Azərbaycanın hansısa dövlətlərin for-postun olmasına çalışan bir çox dairələri narahat edir. Təbii ki, ölkəmizin müstəqill siyasət yürütməsi, dövlət başçımızın bilavasitə Azərbaycanın milli maraqlarını əldə əsas tutaraq atmış olduğumuz addımlar, Qarabağda qazandığımız uğurlar kimi narahat edirsə, bu siyasətə sadəcə sözdə deyil, öz əməli ilə dəstək verən, cənab Prezidentə sadiq olan bizim kimi şəxsləri hədəf taxtasına çevirirlər.
-“5-ci kalon”un nümayəndələri deyəndə kimlər nəzərdə tutulur, konkret ünvan söyləmək olarmı?
-Analiz etsəniz, kimlər olduğunu görəcəksiniz. Azərbaycanın Qarabağ savaşında həyata keçirdiyi haqlı mübarizəyə və mücadiləyə ölkə daxilindən və ölkə xaricindən dil uzadanlar, Ali Baş Komandanın bu uğurunu həzm edə bilməyən qüvvələr, cərəyanlar kimdirsə, əmin olun ki, ölkə başçısının sadiq kadrlarına hücum edənlər də onlardır. Hər kəsin ailəsində müəyyən problemlər, anlaşılmazlıqlar ola bilər. Ailədaxili məsələni bu şəkildə böyütmək yanlışdır. Guya mən və ailəm, kimisə gizlədirik. İnsana qurşaqdan aşağı hücuma keçmək milli siyasətə xidmət edən insanlara qurulan tələdən başqa bir şey deyil. Çox təəssüf ki, bəzi mətbuat orqanları da buna alət olublar. Bəzi adamlar isə vəkil kimi ortaya çıxması, müxtəlif istiqamətlərdən mənə qarşı edilən hücumlar və digər məslələri təsadüf kimi qəbul etmirəm. Bir şeyi də qeyd edim ki, uzun illər dövlət başçımızın xüsusi tapşırığı ilə türkdilli dövlətlərin əməkdaşlıq şurasının baş katibi kimi atdığım addımlar cənab Prezident tərəfindən qiymətləndirilib. Fəxrlə deyə bilərəm ki, cənab Prezidentin mənə etimad göstərib YAP-ın namizədi kimi irəli çəkildiyimdən etibarən bu qaragüruh komandasının hücumları başladı. Nə zaman Türkiyə-Azərbaycan münasibətlərinin daha da möhkəmləndirilməsi yönündə cənab Prezidentin tapşırıqlarına uyğun daha fəal fəaliyyət göstərirəm, mütləq bir həngamə qaldırıb məni hədəfə alırlar. Yəni, bu hücumları, absurd iddiaları təsadüf hesab eləmirəm.
-Maraqlısı odur ki, hakim komanda daxilindəki “5-ci kalon” nümayəndələri ilə yanaşı, bəzi müxalifət nümayəndələri də Sizi hədəfə alır...
-Bunun açıqlaması odur ki, hər iki tərəf eyni mərkəzdən idarə olunur. Sifariş bir mərkəzdən gəlir, o sifariş əsasında milli ideologiyamızın düşmənləri, üzdə sədaqətli görünüb arxada iş çevirən “5-ci kalon” ünsürləri ilə müxalifətdəki bəzi tör-töküntüləri hücuma keçirlər. Bütün bunlar ölkə rəhbərinə xəyanətdan başqa bir şey deyil. Bu prosesdə də içəridəki ünsürlərlə müxalifətdəki ünsürlərin maraqlarının üst-üstə düşdüyünün şahidi oluruq.
-Bir diqqətçəkən məqam da odur ki, son dövrlər YAP-ın üzdə olan simalarına qarşı bu cür addımlar atılır. Sizcə, burada YAP-ın özü də siyasi partiya kimi hədəf ola bilərmi?
-Biz YAP-dan millət vəkili seçilmişik və hakimiyyəti təmsil edirik. YAP sədri cənab Prezident İlham Əliyev, birinci müavin isə hörmətli birinci xanım Mehriban Əliyevadır. Biz ölkə rəhbərliyini və partiya rəhbərliyinin kursunu həyata keçiririk. Sizə bir sual verim, YAP-ın siyasi kursuna, onun nümayəndələrinə zərbə vuranlar kimə zərbə vurmuş sayılırlar?
-Təbii ki, ölkə rəhbərliyinə...
-Bəli. Partiyanın sədri cənab Prezidentdir. Ölkə rəhbəri bütün siyasi prosesləri idarə edən əsas lakomativ gücdür. Siz bu gücü vurmaqla ölkənin müstəqil siyasət xəttinin əleyhinə getmiş olursuz. Niyə mənim, ailəmlə bağlı olan məsələ bu qədər şişirdilib yayılmalıdır? Niyə mənim ailəm gizli telefon zəngləri ilə təhqir olunmalıdır? Niyə gizli çəkilişlər olunmalıdır? Bu suaların cavabları olmalıdır, amma cavab yoxdur. Ölkənin bu qədər vacib məsələləri var. Cənab Prezident Ərdoğanın ölkəmizə səfərinə, Türkiyə ilə əməkdaşlığın daha da genişlənməsi istiqamətində atılacaq addımlara, imzalanacaq sazişlərə hazırlaşır, bu mənfur qüvvələr isə sədaqətli adamları hədəfə alıb ümumi işə zərbə vurmağa çalışırlar.
-Hüquqlarınızın qorunması istiqamətində daha hansı addımlar atmaq fikrindəsiniz?
-İlk növbədə mən qanun adamıyam. Vurğulamaq lazımdır ki, müxtəlif qüvvələrin maraqları üst-üstə düşdüyü üçün maraqların güc birliyindən istifadə edirlər. Mən də ailəmin hüquqlarını qorumalıyam. Hazırda vəkillərim hüquq-mühafizə orqanlarına müvafiq qaydada müraciət hazırlayırlar. Mənə və ailəmə qara yaxanlar, ailədaxili məsələni fərqli formada ictimailəşdirənlə qanun qarşısında cavab verəcəklər. Əminəm ki, haqq və ədadlət yerini tapacaq.
-Ramil müəllim, hazırda Türkiyə-Azərbaycan münasibətlərinin ən yüksək səviyyədə olduğu mərhələdir. Türkiyə Prezidentinin Azərbaycana səfəri, Şuşada görüş və imzalanacaq sazişlər mühüm hadisələrdir. Bu barədə nə deyə bilərsiniz?
-Bu münasibətlərin belə bir məqama gəlməsində cənab İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın xüsusi rolları var. Onların şəxsi münasibətlərinin qardaşlıq səviyyəsində olması bəzi güclərin xoşuna gəlmir. Ermənistanı Qarabağ savaşında dəstəkləyən, gizli silah satan, onlara havadarlıq edən qüvvələr hər iki ölkə rəhbərinin birgə fəaliyyətinə qısqanclıqla yanaşırlar. Ona görə də müxtəlif vasitələrlə bizim kimi kadrları vurmağa çalışırlar. Cənab Ərdoğanın Azərbayacana səfəri Şuşadakı görüş və tarixi anlaşma indidən çoxlarının canına vəlvələ salıb. Bir məqamı xatırladım. Sülh, əminamanlıq istəyən heç bir qüvvə üçün Azərbaycan və Türkiyə təhlükə mənbəyi deyil. Azərbaycan və Türkiyə tolerantlıq baxımından dünyaya örnək ola biləcək az ölkələrdən biridir. Ancaq buna baxmayaraq. Bəzi mənfur qüvvələr imkan düşdükcə bizə və Türkiyəyə zərər verməyə çalışırlar.
-Ərdoğanın Şuşa səfəri və imzalanacaq anlaşmadan sonrakı dövr barədə nə deyə bilərsiniz? Bunun Qarabağın bundan sonrakı taleyində hansı rolu olacaq?
-Cənab Prezidentin əsas hədəfi odur ki, Qarabağın digər ərazilərində yaşayan azərbaycanlılar qısa müddətdə öz vətənlərinə qayıtsınlar. Eyni zamanda, erməni əsilli Azərbaycan vətəndaşlarının da bizim qanunlarımız çərçivəsində yaşamaları üçün şərait var və olacaq. Şübhəsiz ki, qardaş Türkiyənin Cənubi Qafqazda mövcud olması, Türkiyə Prezidenti və türk xalqının da Azərbaycan Prezidentinə açıq dəstəyini ifadə etməsi bu proseslərin sürətlənməsinə önəmli təkanlar verə bilər. Biz gücümüzlə, dəmir yumruğumuzla fəxr etməklə yanaşı, həssas olmalı, tərəfləri də nəzərə almalıyıq. Təbii ki, Türkiyə Azərbaycan yaxınlaşması bir çox gücləri narahat edəcək. Ona görə də təfriqə salmaq, münasibətləri gərginləşdirmək istəyənlər olacaq. Biz daha ayıq olub öz doğru bildiyimiz yolla davam etməliyik.
Əsas məqsəd Qarabağda hər hansı əlisilahlı erməni tör-töküntüsünün qalmamasıdır. Qarabağda ermənilər də yaşa bilər. Amma bir şərlə ki, şovinist, revanşist xülyalardan əl çəksinlər.
Z.Məmmədli