Həbs olunan Gorus şəhər meri Aruş Aruşanyanın yenidən Gorus camaatının başçısı seçkilərinə namizədliyi Ermənistanda hakim dairələrin qəzəbinə səbəb olub.
Unikal.org xəbər verir ki, Baş nazir Nikol Paşinyanın təlimatı əsasında hüquq -mühafizə orqanları işə başlayıb. Onlar Aruşanyanın tərəfdarlarını zərərsizləşdirməyə çalışacaq.
Bildirilib ki, dünən Aruşanyanın yaxın ətrafı olan icma palatasının işçiləri də daxil olmaqla, təxminən 10-dan çox Gorus sakini xuliqanlıqda ittiham olunaraq saxlanılıb.
Qeyd olunub ki, səlahiyyətlilər Paşinyanın 21 apreldə Zəngəzura səfəri zamanı baş verən qarşıdurmaları bəhanə ediblər. Xatırladaq ki, Paşinyanın səfəri çərçivəsində onun xidməti maşınına yumurta vurulduğuna görə ittiham irəli sürülüb.
Hazırda A.Aruşanyanın tərəfdarlarından zirehli avtomobilə yumurta vurulmasına görə, 24 milyon dram (təxminən 48,665 ABŞ dolları) məbləğində pul tələb olunur.
Əlavə olaraq, Ermənistanın hüquq-mühafizə orqanlarının Aruşanyanın dostlarını və qohumlarını nəzarətdə saxlaması, həmçinin tezliklə yeni bir həbs dalğasının başlayacağı da istisna edilməyib.
Ağarza Elçinoğlu