Rusiya ilə Almaniya arasında layihələşdirilən "Şimal axını-2" (North Stream 2) qaz boru kəmərinin tikintisi tam başa çatdırılıb.

Unikal.org "TASS"a istinadən xəbər verir ki, bu barədə "Qazprom" şirkəti açıqlama verib. 

Qeyd olunub ki, kəmərin tikintisi bu gün (10 sentyabr) səhər başa çatıb.

Bu ilin sonuna qədər istismara veriləcəyi gözlənilən "Şimal axını-2" layihəsi Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya qədər, illik gücü 55 milyard kubmetr olan iki qaz xətti ilə nəql ediləcək. 

Şirkətin məlumatına görə, "Şimal axını-2" kəməri ilə cari ildə 5,6 mlrd. kubmetr qaz nəqli oluna bilər.

Onu da deyək ki, ABŞ-ın sanksiya təhlükəsi ilə əlaqədar İsveçrənin "Allseas" şirkəti boruların döşənməsindən imtina etdiyinə görə kəmərin tikintisi 2019-cu ilin dekabrında dayandırılmışdı. 2020-ci ilin dekabrından isə tikinti işləri yenidən bərpa olunan layihə artıq istismara verilmək üzrədir.

Ağarza Elçinoğlu