İrlandiya yığması Bakıda Azərbaycan millisinə qarşı keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə oyunu öncəsi problemlə üzləşib.

Unikal.org xəbər verir ki, bu barədə RTE telekanalının sabiq eksperti Eymon Danfi "Sundayworld" nəşrinə açıqlamasında deyib.

Onun sözlərinə görə, qarşıdakı matçlar üçün komandaya dəvət almış 26 futbolçudan 8-i koronavirus əleyhinə peyvənd olunmaqdan imtina edib. Onlar komanda yoldaşları Kallum Robinsonun vaksinlə bağlı etirafından sonra bu fikrə düşüblər.

İngiltərənin "Vest Bromviç" klubunda çıxış edən Robinson peyvənd olunmayacağını söyləyib və bunu özünün şəxsi seçimi adlandırıb. O, daha əvvəl 2 dəfə koronavirusa yoluxduğunu da təkzib etməyib.

Qeyd edək ki, İrlandiya millisi oktyabrın 9-da Bakı Olimpiya Stadionunda Azərbaycan yığmasının qonağı olacaq, oktyabrın 12-də isə Dublindəki "Aviva" stadionunda Qətəri qəbul edəcək.