Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov, rektor müşaviri Elvin Yusifli Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən Erasmus+ layihəsi çərçivəsində “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı növbəti görüşün iştirakçısı olublar.

Universitetdən "Unikal"a  verilən məlumata görə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təşkil olunan tədbirdə ATMU daxil olmaqla layihə konsorsiumun üzvü olan  Azərbaycanın 16 ali təhsil müəssisələrinin prorektorları və digər məsul şəxsləri iştirak ediblər. Tədbirin təşkilində məqsəd layihənin iş planına uyğun həyata keçirilən fəaliyyət dinamikasının dəyərləndirilməsi və növbəti mərhələdə icrası planlaşdırılan məsələlərin qarşılıqlı müzakirəsi idi. 

Layihənin koordinatoru olan Bakı Biznes Universitetinin əməkdaşı - Gülşən Bayramova təqdimat - çıxışında layihə çərçivəsində yerinə yetirilən işlərin nəticələrinə aydınlıq gətirdi. Eyni zamanda Rektorlar Konfransının Azərbaycan modelinin yaradılmasından ötrü işçi qrupun formalaşdırılmasının əhəmiyyətini diqqətə çatdırdı. Yeni yaradılan işçi qrupu tərəfindən Rektorlar Konfransının təşkilati strukturu, missiyası, vizyonu, üzvlük qaydaları, Konfransın maliyyələşmə mexanizmləri və onun tərkibində fəaliyyət göstərəcək komitələrin yaradılması, həmçinin bir sırasənədlərin işlənib hazırlanmasının əhəmiyyətini vurğuladı. 

Görüşün sonunda tədbir iştirakçıları növbəti tapşırıqların icrası ilə əlaqədar  fikir və mülahizələrini bildirdilər.