“Bu gün biz Rusiyanın Ukraynaya qarşı qanunsuz hərəkətlərinə sərt cavab vermək barədə yekdil razılığa gəldik”.
"Unikal" xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozep Borrell "Twitter"də bildirib.
O deyib ki, Aİ-nin sanksiyalar paketi Rusiya Dövlət Dumasının 351 üzvünə şamil olunacaq bu üzvlər qondarma Luqansk Xalq Respublikası və Donetsk Xalq Respublikasının tanınmasına səs verib.
Həmçinin, Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə xələl gətirən 27 fiziki və hüquqi şəxsə də sanksiyalar şamil olunacaq.
Bu, siyasi, hərbi, biznes və media sektorlarını əhatə edəcək.
“İki separatçı bölgə ilə Avropa İttifaqı arasında iqtisadi əlaqələr hədəf alınacaq. Rusiya dövlətinin Aİ-nin kapital və maliyyə bazarlarına çıxış imkanları hədəf alınacaq”, - deyə Borrell qeyd edib.
C.Borrell bildirib ki, bu tədbirlər Aİ-nin tərəfdaşları və müttəfiqləri ilə sıx koordinasiya əsasında həyata keçirilir.
“Artıq Milanda bazarlıqlar etmək, Seint-Tropezdə şənliklər təşkil etmək, Antverpdə brilyantlar olmayacaq. Bu birinci addımdır. Biz həmrəyik”.
Borrell jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin adı sanksiya tətbiq olunacaq şəxslərin siyahısında yoxdur.