ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirilməsi planlaşdırılan təkbətək görüşdən imtina edib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, sözügedən görüş fevralın 24-də Avropada keçirilməli idi.
"Hazırda bu görüşü keçirməyin mənası yoxdur. Mən müttəfiqlərlə və tərəfdaşlarla məsləhətləşdim. Hamı (bununla-red) razılaşdı. Və bu gün mən (Rusiya) xarici işlər nazirinə məktub göndərdim. Sergey Lavrovu bu barədə məlumatlandırdım”, - Blinken mətbuat konfransında bildirib.
O, qeyd edib ki, ABŞ Rusiya Federasiyası ilə gələcək diplomatik fəaliyyətə hazırdır, lakin qarşı tərəf ciddi münasibət nümayiş etdirməlidir.
“Putinin açıqlamaları göstərir ki, o, Ukraynanı suveren dövlət deyil, Rusiya subyekti kimi görür”, - Blinken əlavə edib.
Xatırladaq ki, 2022-ci il fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.
Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.
Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yardımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.