Bu gün Vətən müharibəsi zamanı qəhrəmanlıq göstərib şəhidlik zirvəsinə ucalan, Gəncə Uşaq Evində böyüyən Əmrah Rajapovun ildönümüdür.
"Unikal" xəbər verir ki, bununla əlaqədar olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Şəhər Nizami və Kəpəz Rayon İcra Hakimiyyətləri başçıları, YAP Gəncə şəhər Təşkilatının sədri, Gəncə Uşaq Evinin kollektivi, o cümlədən şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət ediblər, önünə gül dəstələri düzüblər.
Qeyd edək ki, Əmrah Rajapov 11 dekabr 2000-ci ildə Goranboy rayonunda anadan olub.12 yaşından Gəncə Şəhər Uşaq Evində yaşayıb. Dəfələrlə rəsm müsabiqələrində iştirak edib, eyni zamanda yaxşı yazı qabiliyyəti olub. Orta məktəbi bitirdikdən sonra o, bərbərlik peşəsinə yiyələnib. 2017-ci ildə Heydər Əliyev Fondu tərəfindən Bakı şəhəri Abşeron rayon Masazır qəsəbəsində internat məktəbləri və uşaq evlərinin məzunları üçün yaradılmış “Məzun evi”ndə bir otaqlı mənzillə təmin olunub.
2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanan Əmrah Rajapov 8 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Nəşi 5 aydan sonra DNT analizi ilə tapılıb. 23 fevral 2021-ci ildə Gəncədə Şəhidlər Xiyabanında dəfn olunub.
Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına uyğun olaraq ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.