Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin təsiri altında avtobus idarə edən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Unikal"a məlumat verilib.
Belə ki, Quba rayon sakini Əli Hüseynovun idarə etdiyi marşrut avtobusu Quba rayonu ərazisində nəzarət-yoxlama qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən həmin sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yaranıb. Ə.Hüseynov RPŞ-ə gətirilərək həkim müayinəsindən keçirilib və narkotik vasitənin təsiri altında olması müəyyən edilib.
Quba rayon məhkəməsinin qərarı ilə həmin şəxs 15 gün müddətinə inzibati qaydada həbs edilib.