"Türkiyə Silahlı Qüvvələri olaraq bizim güclü olmağımız çox vacibdir və biz hər an hər cür ehtimala hazırlıqlı olmalıyıq".
"Unikal" xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
O bildirib ki, Rusiya ilə Ukrayna arasında münaqişə davam edir: “Hər iki ölkə bizim dəniz qonşumuzdur. Bizim hər iki ölkə ilə əlaqələrimiz var. Biz bu münaqişənin tezliklə dayandırılmasını, atəşkəs əldə edilməsini, regionda tezliklə sülh və əmin-amanlıq hökm sürməsini istəyirik. Humanitar yardımlar da daxil olmaqla indiyədək əlimizdən gələni etmişik və bundan sonra da edəcəyik. Bizim hansısa formada sanksiyalara əməl etməməyimiz müzakirə mövzusu deyil. BMT-nin sanksiyalarına uyğun davranırıq. Həmçinin tərəflərin görüşməsi, müzakirəsi və atəşkəsin təmin olunması üçün təmaslarımızı davam etdiririk”.
Təxliyə ilə bağlı işlərin davam etdiyini qeyd edən H. Akar bildirib ki, Mariupoldakı vəziyyəti yaxından izləyirlər:
“Həm Rusiya, həm də Ukrayna ilə nazirlər səviyyəsində təmaslarımızı davam etdiririk. Günahsız insanların ən qısa zamanda bölgədən çıxarılması üçün səy göstəririk. Bunun yaxın günlərdə və saatlarda baş verəcəyini gözləyirik. Bizim Kiyevdə 2 təyyarəmiz var. Onların ən münasib vaxtda təxliyəsindən ötrü hər iki tərəflə təmaslarımız davam edir”.