Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq Abşeron rayonunda silsilə vətəndaş qəbulları keçirilib.
"Unikal" xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan ənənəvi vətəndaş qəbulunda RİH başçısı Abdin Fərzəliyev, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak edib.
Sakinlər bəzi tikinti şirkətlərində üzləşdikləri problemlərin aradan qaldırılmasında, mülkiyyət hüquqlarının tanıdılmasında, işlə təmin olunmaqda köməklik göstərilməsini xahiş ediblər.
Növbəti gün isə Pirəkəşkül-Qobustan kəndlərinin sakinləri ilə keçirilən səyyar-qəbulda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, qazilər və kənd sakinləri iştirak edib.
Səyyar qəbulda çıxış edən Abdin Fərzəliyev Abşeron rayonunda əhalinin sürətli artımının müşahidə olunduğunu və bununla əlaqədar olaraq bir sıra ehtiyacların meydana gəldiyini, məktəb və bağçalarda sıxlığın yarandığını bildirib. Rayonun kənd və qəsəbələrində olan problemlərin öyrənildiyini və onların tez bir zamanda həlli istiqamətində proqramların hazırlandığını vurğulayan RİH başçısı Abşeronda həyata keçirilən infrastruktur layihələri barəsində məlumat verib.
Sonra Pirəkəşkül kənd və eyni nümayəndəlikdə birləşən Qobustan yaşayış məntəqəsinin sakinləri çıxış edərək kənd ərazisində müasir standartlara uyğun yolun çəkildiyini qeyd edərək buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarıını ifadə etmişlər. Sakinlər kənd ərazisində içməli suyun verilmə saatının və müddətinin artırılmasında, yağışlı və küləkli havalarda elektrik enerjisinin təminatında yaranan problemlərin aradan qaldırılmasında, inşası yarımçıq qalmış bağça binasının tikintisinin başa çatdırılmasında, tibb işçilərinin sayının artırılmasında, kəndlərin mərkəzi küçələrinə asfalt örtüyünün çəkilməsində, təhlükəsizlik kamaralarının quraşdırılmasında, marşrut avtobuslarının sayının artırılmasında və digər məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər.
Qəbullarda sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.