Xəbər verdiyimiz kimi, səhər saatlarında Rusiyaya məxsus hərbi-nəqliyyat təyyarəsi İL-76 qəzaya uğrayıb, 4 nəfər həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə Telegram-da rusiyalı teleaparıcı Kseniya Sobçak məlumat verib. Bildirilir ki, təyyarədə doqquz nəfər olub.

Bundan əlavə "İl-76" hərbi-nəqliyyat təyyarəsinin qəzaya düşmə anı anbaan kameralara əks olunub. 

***08:04

"İl-76" hərbi-nəqliyyat təyyarəsi mühərrik nasazlığı səbəbindən Rusiyanın Ryazan vilayəti yaxınlığında sərt eniş edib, qismən yerdə dağılıb, zərərçəkənlər tibb müəssisələrinə aparılıb.

"Unikal" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.

"İyunun 24-də "İl-76" hərbi-nəqliyyat təyyarəsi Ryazan vilayətində sərt eniş edib. Yüksüz təlim uçuşu zamanı müəyyən edilmiş mühərrik nasazlığı səbəbindən ekipaj yerə enmək qərarına gəlib", - deyə Nazirlik qeyd edib.

Məlumata əsasən, xəsarət alan ekipaj üzvləri tibb müəssisələrinə yerləşdirilib.

Daha əvvəl mənbədən verilən məlumata görə, Ryazan yaxınlığında "İl-76" təyyarəsinin qəzaya uğraması nəticəsində 6 nəfərin yaralanıb, daha 3 nəfərin ölüb.