Azərbaycanda 3G yalanı
02:41 05-04-2012
İQTİSADİYYAT
Azərbaycanda 3G yalanı
Mobil operatorlar öz istifadəçilərini necə aldatdı?
Hər şey necə də maraqlı və ümidverici başlamışdı! Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azerfon"a 3G xidməti təqdim etməsindən qeyzlənən digər iki Azərbaycan mobil rabitə şirkəti, 2010-cu ildən bu xidməti əldə etmək üçün mübarizə aparırdılar. Bu mübarizədə PR üsulları hələ ən zərərsizi idi. Nəhayət, 2011-ci ilin payızında "Azercell" və "Bakcell" şirkətlərinə 3G xidməti təqdim olundu. Bəs sonra? Bütün Azərbaycan xalqı öz telefonunda abonentin görüntüsünü izləyərəkmi ünsiyyət saxlayır? Heç də yox. Ölkəmizdə heç kəs hələ də müasir texnologiyanı vəd olunan həcmdə istifadə edə bilmir desəm, yanılmaram.
3G nədir?
Biz - telekommunikasiya sahəsində "qeyri-adi dərəcədə inkişaf etmiş" ölkənin sakinləri 3G barədə çox şeyi bilmədiyimizdən, "Ericsson"un Azərbaycandakı satış üzrə direktoru, milliyyətcə türk olan Oğuz Pardunun sözləri ilə izah edim. O deyirdi ki, 3G istifadəçisi müsahibini, belə deyək, canlı efirdə, öz telefonunun ekranında və ya istənilən digər ekranda görə bilər. Bu xidmət "videokom" adlanır. Təbii ki, online rejimdə məlumatların ötürülməsi "bluetooth" sistemində simsiz gerçəkləşdirilir.
Bundan başqa, 3G mobil rabitə vasitəsilə yüksəksürətli internetdən istifadə etməyə imkan verir. Mobil telefondan istifadə etməklə siz öz ofisinizdə olduğu kimi, internetdə işləyə, telefonunuzda televiziya verilişlərinə baxa, uşaq bağçasında övladınızı müşahidə edə bilərsiniz və s.
Sadalananlardan heç biri isə Azərbaycanda yoxdur.
Yumor, yoxsa həqiqət?
Azərbaycanda 3G xidmətinin təqdim olunmasından təxminən iki il sonra "Azerfon" şirkətinin korporativ əlaqələr üzrə rəhbəri Elşad Fərzəliyevin sözləri yumorla qəbul olunur. O deyirdi ki, "Azerfon"unun mobil internetinin populyarlığı günü-gündən artır.
2010-cu ildə E.Fərzəliyev əmin edirdi: "Bu gün üçün bütün mobil operatorlar arasında yalnız "Azerfon" yüksəksürətli internetə malikdir. 3G xidmətinin tətbiqinin ilk ayındaca "Nar Mobile" abonentləri də daxil olmaqla, 60 min abonent 3G internetdən istifadə edib və bu rəqəm günü-gündən artır".
Əksinə, ekspertlərin müşahidələrinə görə (bu məsələyə qayıdacağıq), 3G istifadəsində göstərici sıfırdır.
Əvəzində, ötən il ölkəmizdə 3G şəbəkə istifadəçilərinin çətinliklərindən danışan Azərbaycanın rabitə və texnologiyalar naziri Əli Abbasov daha səmimi oldu. O əmin edirdi ki, "problemlər müvəqqəti xarakter daşıyır". Nazir deyirdi: "3G şəbəkəsinin işinin normallaşması prosesi bir neçə həftə çəkəcək".
"Azerfon"un bitməyən
aproblemləri
O vaxtdan, təkrar edirəm, iki ilə yaxın vaxt keçib, amma "Azerfon"da problemlər qalmaqdadır. Ötən payızdan - daha doğrusu, Azərbaycanın daha iki mobil rabitə operatoruna - "Azercell" və "Bakcell"ə lisenziyalar təqdim olunan vaxtdan bu şirkətlərin həmin xidmətinin istifadəçilərində də problemlər yaranıb.
Telefonlarda videotəsvir "tutmur", "pis tutur" və ya təsvir tez-tez "kəsilir". Mağazalarda 3G texnologiyasından istifadə edə bilən iki videokamerası olan telefonlara tələb də xeyli azalıb.
Amma qüsurları tezliklə düzəltmək əvəzinə Nazirlik yenə də vəd verir. Bu dəfə 4G formatında xidmətləri təqdim edəcəklərini vəd edirlər.
Azərbaycanın rabitə və texnologiyalar naziri Əli Abbasov deyib ki, 2012-ci ilin mayından ölkədə 4G formatı tətbiq olunacaq.
Bu müsahibəsində o yenə 3G ilə bağlı problemlərin olduğunu etiraf edib. Üçüncü nəsil (3G) xidmətlərin Azərbaycanda genişləndirilməsi məqsədilə iyulun əvvəlində nazirlikdə ölkənin hər üç mobil rabitə operatorunun iştirakı ilə görüş keçirilib.
Bu şirkətlər arasında "Azercell" ötürücülərin və istifadəçilərin sayına görə ən geniş yayılanıdır. Tamamilə təbiidir ki, ümidimizi ən çox ona bağlamışdıq. Amma iki videokameralı telefonlar alan "Azercell" abonentləri də məyusluğa uğradılar.
Bu günlərdə iş günü boyunca mən bir neçə dəfə "Azercell"in PR meneceri ilə telefonla əlaqə saxlamaq istədim və hər dəfə də eşitdim ki, "o, iş yerində yoxdur". Amma deməzdim ki, zənglərim nəticəsiz oldu, çünki səhvən texniki əməkdaşı ilə ünsiyyət saxlayan zaman öyrəndim ki, 3G xidmətinin keyfiyyəti ilə bağlı məlumatlar məxfidir və bu barədə o mənə heç nə deyə bilməz. Əməkdaş heç olmasa onlarda 3G probleminin olmadığını deyərək məni aldatmadı da.
Az sərmayənin
acı sonluğu
İKT üzrə İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov da razılaşır ki, istifadəçilər onlara vəd olunanı əldə edə bilməyiblər: "Azərbaycan mobil rabitə operatorları üçün 3G xidməti hər şeydən əvvəl imic məsələsidir. Əminəm ki, heç də hamı bu xidmətin iqtisadi potensialını yaxşı başa düşməyib və bunun nəticəsi kimi, bu infrastrukturun inkişafı üçün yetərli sərmayə qoyulmayıb. Bəzi qiymətləndirmələrə görə, Azərbaycan operatorları hətta Bakıda belə 3G infrastrukturunun inkişafı üçün lazım olandan bir neçə dəfə az sərmayə qoyublar, hələ regionları və ölkəninn digər iri şəhərlərini demirəm".
Bəs bu yalan
nə üçündür?
Bəs nə üçün "Azercell"in tam həcmdə 3G xidməti təqdim etməyə hazır olduğunu deyərək bizi aldadıblar?
Ekspertin sözlərinə görə, məhz "ən texnoloji olmaq" imici uğrunda mübarizə operatorlardan birini istismara hazır olmaq barədə danışmağa məcbur edir, halbuki onların ölkədə 3G əhatəsinin özü belə yetərli deyil. Əlbəttə, yeni texnologiyanın ayrıca götürülmüş bölgədə tam tətbiqi barədə açıqlama vermək olar, amma nəticədə söylənilənlər yalnız reklam vədi olaraq qalıb.
O, Azərbaycanda 3G-yə tələbatın az olmasını reklamın və ya digər inkişaf kanallarının olmaması ilə deyil, azərbaycanlı abonentlərin mobil internetdən az istifadə etməsi ilə izah edir. "Səbəblər çoxdur, bu sırada iqtisadi amil də var. Məlum olduğu kimi, bütün dünyada internetdən əsasən gənclər istifadə edir. Azərbaycanda isə, mobil əlaqə üçün aylıq xərclərdən əlavə, 1 giqabaytlıq informasiya 10 manata başa gəlir - az xərc deyil. Bu dəyər paketi Avropa qiymətlərinə rəqabət təşkil etsə də, bizim gəlirləri avropalıların gəlirləri ilə müqayisə etmək olmaz", - Kazımov belə deyir.
Onun sözlərinə görə, üstəlik, 3G sürətinin real imtiyazlar verdiyi Azərbaycanda smartfonların azlığı problemi də var. Axı adi smartfonlarda daha az sürəti olan internetdən istifadə olunur, belə sürət isə, keyfiyyətli videotəsvirin alınmasına imkan vermir.
Ekspert deyir: "Azərbaycan operatorlarının xeyrinə onu deyə bilərəm ki, Qərb ölkələrində də 3G hər yerdə işləmir. Məsələn, Böyük Britaniyanın uzaq şəhərləri 3G-nin əhatə dairəsinə aid deyil".
Ümidlər niyə doğrulmadı?
"Multimediya" Birliyinin prezidenti Osman Gündüz də "Azercell" şirkətində 3G xidmətinin acınacaqlı keyfiyyətindən yaxşı məlumatlıdır.
O. Gündüz deyir: "Biz bi xidmətin keyfiyyətinin yaxşı olacağını, hətta 3G formatında bir neçə xidmətin təqdim olunacağını gözləyirdik. Amma "Azercell" şirkətində bir otaqdan digərinə keçərkən videosiqnalın itməsi, telefonun avtomatik 2G xidmətinə keçməsi və hətta bir çox yerlərdə onlayn təsvirin tam görünməməsi adi haldır".
Qurum bu xidmətlərin keyfiyyətinin xüsusi monitorinqini keçirib və arzuolunmaz nəticələr ortaya çıxıb: "Aydın olur ki, şirkətlər texniki səbəblərdən və ötürücü stansiyaların sayının azlığı üzündən 3G xidmətini təqdim etməyə hazır deyillər. Bu telefonlarda batareyalar tez tükənir. Regionlarda 3G üçün zəruri infrastruktur yaradılmayıb. Mobil operatorlar televiziya şirkətləri ilə razılığa gəlməyiblər və bu səbəbdən də, uyğun telefonların sahibləri verilişləri izləyə bilmirlər. Təhsil, səhiyyə və s. nazirliklərin onlayn xidmətlərinin təqdim olunması ilə bağlı vəziyyət də eynidir".
Yeganə xoş söz
"3G möcüzəsi"nin vəd etdiyi siyahıya baxmayaraq, Azərbaycan icrasında yeni texnologiya istifadəçilərə təkcə abonentin təsvirini görmək və mobil internetdən istifadə etmək imkanı verir. O da həmişə və hər yerdə yox!
İş adamları 3G xidmətinin etibarlılığına əmin ola bilməzlər və bu səbəbdən də, belə telefonları almağa tələsmirlər.
Osman Gündüzün bizim 3G barədə dediyi yeganə xoş söz onun istifadəsinin ucuz başa gəlməsi ilə bağlıdır. İşlər o qədər pisdir ki, "Multimedia" bir əcnəbi şirkətlə dəqiq metodika və sistemli müşahidə mexanizminin tətbiqilə yeni monitorinqin aparılması barədə razılığa gəlib. Nəticədə 3G xidmətinin keyfiyyəti ilə və mobil rabitə şirkətlərinin baza stansiyaları ilə bağlı yekun mənzərə aydın olacaq.
Osman Gündüz Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə bəzi aktual suallara cavab vermək xahişi ilə rəsmi məktub göndərib.
Müxtəlif şirkətlərdə 3G xidmətinin keyfiyyət özəlliklərinə gəlincə, o, "Bakcell"in "Facebook"a pulsuz qoşulmasına imkan verən sosial xidmətlərin, xüsusi brauzerlərin olduğunu qeyd edib. "Azercell"ə gəlincə, ölkəmizin bu ən iri operatoru başqalarından daha çox vəd versə də, sözünün çox az hissəsinə əməl edib.
Gündüz əlavə edib: "İstənilən halda bizə hər üç mobil rabitə operatorundan şikayətlər daxil olur".
Söyülən kim olacaq?
Təəssüf ki, Azərbaycan əhalisinin aldanması bizim üçün adi və sadə hala çevrilib. Bizi hamı aldadır - dövlətdən tutmuş özəl şirkətlərə və fərdi sahibkarlaradək. İndi biz mayda "Eurovision"u izləməyə gələcək əcnəbiləri aldadacağıq və onlar uzaqdakı dostlarına gözəl şoudan canlı mənzərə göstərə bilməyəcəklər. Onlar "Azercell"i yox, bizi və ölkəmizi söyəcəklər.
Fərid Kazımov nikbin görünür və düşünür ki, avropalı qonaqlar Bakının mərkəzində yerləşəcəklər və bu səbəbdən də, 3G xidmətindən istifadə edə biləcəklər.
F.Kazımov məsləhət görür: "Bununla belə, bizim mobil operatorlar avropalı istehlakçıların gözləntilərinə uyğun olaraq, xususi paketlər işləyib hazırlamalıdırlar".
Kamal Əli
Digər Xəbərlər
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07